Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrində çalışan, eləcə də qısamüddətli əmək müqaviləsi ilə işə cəlb olunan bəzi işçilər üçün saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan bir sıra məcəllə və qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Yeni mexanizmə əsasən, əmək müqaviləsi 1 aydan az müddətə bağlanan və ya həftəlik iş vaxtı 20 saat və daha az müəyyən edilən işçilərin əməkhaqqı saat hesabı ilə ödəniləcək. Hər işlənmiş saat üçün ödəniş ölkə üzrə müəyyən edilən minimum saatlıq əməkhaqqından aşağı ola bilməyəcək.
Dəyişikliklər əməkhaqqının hesablanması mexanizminin təkmilləşdirilməsi, natamam iş vaxtı və qısamüddətli əmək müqavilələri ilə çalışan şəxslərin hüquqlarının qorunması, eləcə də əmək münasibətlərində şəffaflığın artırılması məqsədi daşıyır.
Əmək Məcəlləsinə saatlıq əməkhaqqı anlayışı daxil edilir
Hazırda Azərbaycanda minimum əməkhaqqı aylıq dövr üzrə müəyyən edilir. Əmək qanunvericiliyində isə əməyin ödənilməsi vaxtamuzd, işəmuzd və digər sistemlər əsasında həyata keçirilir. Müxtəlif əmək şəraitlərində, o cümlədən peşələr əvəz edildikdə, hasilat normaları yerinə yetirilmədikdə və natamam iş vaxtında çalışdıqda əməkhaqqının hesablanması üçün fərqli qaydalar tətbiq olunur.
Bu yanaşma bəzi hallarda faktiki işlənmiş vaxta görə əməkhaqqının minimum təminatlarla uyğunlaşdırılmasında çətinliklər yarada bilir.
Təklif olunan dəyişikliklərlə Əmək Məcəlləsində aylıq əməkhaqqı ilə yanaşı, saatlıq əməkhaqqı anlayışı da təsbit olunur. Beləliklə, müəyyən iqtisadi fəaliyyət sahələrində çalışan işçilərin əməyinin saatlıq ödəniş sistemi əsasında tənzimlənməsi mümkün olacaq.
Yeni mexanizmə əsasən, işçinin hər işlədiyi saat üçün aldığı əməkhaqqı müəyyən edilmiş minimum saatlıq əməkhaqqından aşağı ola bilməz.
Saatlıq əməkhaqqı hansı işçilərə şamil olunacaq?
Saatlıq əməkhaqqı sisteminin tətbiq ediləcəyi iqtisadi fəaliyyət növlərinin siyahısı Nazirlər Kabineti tərəfindən müəyyənləşdiriləcək. İlkin olaraq bu siyahıya kənd təsərrüfatı məhsullarının istehsalı və ictimai iaşə sahələrinin daxil edilməsi nəzərdə tutulur.
Müvafiq qaydalara əsasən, həmin sahələrdə fəaliyyət göstərən müəssisələrdə, eləcə də fiziki şəxs olan işəgötürənlərin yaratdığı iş yerlərində aşağıdakı hallarda saatlıq əməkhaqqı sisteminin tətbiqi nəzərdə tutulur:
- Əmək müqaviləsi 1 aydan az müddətə bağlandıqda;
- İqtisadi fəaliyyət sahəsindən asılı olmayaraq, işçinin həftəlik iş vaxtı 20 saat və ya daha az müəyyən edildikdə.
Beləliklə, yeni sistem yalnız müəyyən sahələrdə çalışanlarla məhdudlaşmayacaq. Həftəlik iş vaxtı 20 saatı keçməyən işçilər iqtisadi fəaliyyət növündən asılı olmayaraq bu mexanizmdən yararlana biləcəklər.
Natamam iş vaxtı ilə çalışanların maaşı necə hesablanacaq?
Dəyişikliklərdə aylıq əməkhaqqı alan, lakin natamam iş vaxtı rejimində çalışan şəxslərin əməkhaqqının hesablanması qaydası da dəqiqləşdirilir.
Belə işçilərin əməkhaqqı müəyyən edilmiş iş vaxtına mütənasib hesablanacaq və nəticədə alınan məbləğ minimum aylıq əməkhaqqının müvafiq iş vaxtına uyğun hissəsindən aşağı ola bilməyəcək.
Bu yanaşma natamam iş vaxtı ilə çalışan şəxslərin əməkhaqqı təminatlarını gücləndirməyə və onların faktiki işlədikləri vaxta uyğun ödəniş almalarına imkan verəcək.
Dəyişikliklər işçilərə nə verəcək?
Saatlıq minimum əməkhaqqı sisteminin tətbiqi xüsusilə qısamüddətli müqavilələrlə çalışan və natamam iş vaxtı rejimində işləyən şəxslər üçün əhəmiyyətlidir.
Yeni mexanizm işəgötürənlərin əməkhaqqını hesablayarkən daha aydın meyarlardan istifadə etməsinə, işçilərin isə faktiki işlədikləri saatlara görə minimum ödəniş təminatı əldə etməsinə şərait yaradacaq. Bununla yanaşı, əməkhaqqının hesablanmasında mümkün sui-istifadə hallarının qarşısının alınması və əmək münasibətlərinin şəffaflığının artırılması hədəflənir.
Saatlıq əməkhaqqı sisteminin tətbiqinin beynəlxalq təcrübəyə uyğun olaraq əmək bazarında daha çevik ödəniş mexanizminin formalaşmasına töhfə verəcəyi gözlənilir.
Bildirilib ki, qanun layihəsinin qəbul edilməsi dövlət büdcəsinə əlavə maliyyə yükü yaratmayacaq.
Qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.