“Dövlət sosial müdafiə fondunun 2027-ci il büdcəsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda qəbul edilib.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2027-ci il büdcəsinin gəlirləri 9 milyard 220,5 milyon manat, xərcləri isə 9 milyard 272,54 milyon manat proqnozlaşdırılır.

Gələn il əmək pensiyalarının ödənilməsinə 8 milyard 669,43 milyon manat, sosial sığorta haqları hesabına verilən müavinətlərə isə 280,63 milyon manat ayrılması nəzərdə tutulur. Orta aylıq əmək pensiyasının 639 manata çatacağı, müavinət xərclərinin isə cari ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 37,85 faiz artacağı gözlənilir.

Fondun büdcə layihəsinə əsasən, xərclərin maliyyələşdirilməsi üçün gəlirlərdən əlavə, ilin əvvəlinə yaradılmış ehtiyatdan 52,04 milyon manat istifadə olunacaq. Dövlət büdcəsindən Fondun balanslaşdırılması məqsədilə 1,6 milyard manat vəsait ayrılması nəzərdə tutulur.

Fondun gəlirləri 10,78 faiz artacaq

2027-ci ildə DSMF-nin ümumi gəlirlərinin 9 milyard 220,5 milyon manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq edilmiş göstəricisindən 897,4 milyon manat və ya 10,78 faiz çoxdur.

Fondun gəlirlərinin əsas mənbəyi məcburi dövlət sosial sığorta haqları olacaq. Bu istiqamət üzrə 7 milyard 586,5 milyon manat daxilolma gözlənilir. Məbləğ Fondun ümumi gəlirlərinin 82,28 faizini təşkil edəcək və 2026-cı ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 995,4 milyon manat və ya 15,1 faiz çox olacaq.

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların bölgüsü belə nəzərdə tutulur:

  • Büdcədən maliyyələşən təşkilatlar üzrə – 2 milyard 170,96 milyon manat;
  • Büdcədən maliyyələşən təşkilatlarda işləyən şəxslər üzrə – 296,04 milyon manat;
  • Qeyri-büdcə sektoru üzrə – 5 milyard 119,5 milyon manat.

Beləliklə, məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 32,5 faizi büdcə təşkilatlarının, 67,5 faizi isə qeyri-büdcə sektorunun payına düşəcək.

Qeyri-büdcə sektorundan daxilolmaların 2026-cı ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 637,52 milyon manat və ya 14,22 faiz, büdcədən maliyyələşən təşkilatlardan daxilolmaların isə 357,88 milyon manat və ya 16,97 faiz artacağı gözlənilir.

Fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin özləri üçün ödəyəcəkləri məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 130 milyon manat proqnozlaşdırılır.

Fondun gəlirlərinin digər mənbəyi olan sair daxilolmaların 34 milyon manat təşkil edəcəyi gözlənilir. Bunun 3,67 milyon manatı sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmaların payına düşür.

Dövlət büdcəsindən 1,6 milyard manat ayrılacaq

Fondun maliyyə dayanıqlılığının təmin edilməsi və büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsindən 1 milyard 600 milyon manat ayrılması nəzərdə tutulur.

Bu vəsait dövlət büdcəsinin əmək pensiyaları üzrə qanunvericiliklə müəyyən edilmiş öhdəliklərinin maliyyələşdirilməsinə yönəldiləcək.

Həmin öhdəliklərin ümumi məbləği 2027-ci il üçün 3 milyard 831,72 milyon manat hesablanıb. Dövlət büdcəsindən ayrılacaq 1,6 milyard manat bu məbləğin 41,76 faizini təşkil edir.

Dövlət büdcəsinin öhdəlikləri üzrə vəsait 2026-cı ilin təsdiq edilmiş proqnozu ilə müqayisədə 100 milyon manat və ya 5,88 faiz az olacaq.

Qanun layihəsində büdcədən maliyyələşən təşkilatların məcburi dövlət sosial sığorta haqları üzrə ödənişləri ilə bağlı tənzimləmə də nəzərdə tutulur. Belə ki, həmin təşkilatlardan Fondun hesabına köçürülməli olan vəsaitlər tam daxil olmadıqda, dövlət büdcəsindən ayrılan balanslaşdırıcı vəsait faktiki hesablanmış və nəzərdə tutulmuş sosial sığorta haqları arasındakı fərq qədər artırılacaq. Əksinə, daxilolmalar nəzərdə tutulandan artıq olduqda dövlət büdcəsindən ayrılan vəsait müvafiq fərq qədər azaldılacaq.

Fondun xərcləri 9,27 milyard manat olacaq

2027-ci ildə DSMF-nin xərcləri 9 milyard 272,54 milyon manat proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq edilmiş göstəricisindən 789,47 milyon manat və ya 9,31 faiz çoxdur.

Xərclərin əsas hissəsi əhaliyə ödənişlərə yönəldiləcək. Bu istiqamət üzrə 8 milyard 950,06 milyon manat ayrılması nəzərdə tutulur ki, bu da Fondun ümumi xərclərinin 96,52 faizini təşkil edir.

Əhaliyə ödənişlərin 8 milyard 669,43 milyon manatı əmək pensiyalarının, 280,63 milyon manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin maliyyələşdirilməsinə sərf olunacaq.

Digər əsas xərc istiqamətləri aşağıdakılardır:

  • Sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirləri – 25 milyon manat;
  • Əhaliyə sosial xidmətlərin təşkili, pensiya və müavinətlərin ödənilməsi üzrə bank əməliyyatları və digər xidmət haqları – 94,75 milyon manat;
  • Fondun aparatının və digər struktur bölmələrinin saxlanılması – 189,66 milyon manat;
  • Beynəlxalq təşkilatlara üzvlük haqları – 70 min manat;
  • Digər xərclər – 13 milyon manat.

Fondun hesablarında ilin sonunda qalan sərbəst vəsaitin növbəti ilin xərclərinin maliyyələşdirilməsinə və ya qanunvericiliyə uyğun olaraq investisiyaya yönəldilməsi də nəzərdə tutulur.

Əmək pensiyalarına 8,67 milyard manat ayrılacaq

2027-ci ildə əmək pensiyalarının ödənilməsi üçün 8 milyard 669,43 milyon manat vəsait proqnozlaşdırılır. Bu, 2026-cı ilin təsdiq edilmiş göstəricisindən 676,55 milyon manat və ya 8,46 faiz çoxdur.

Pensiya xərclərinin artımına təsir edən əsas amillərdən biri pensiyaların nominal əməkhaqqının artım tempinə uyğun indeksləşdirilməsidir. Hesablamalarda 2026-cı ildə nominal əməkhaqqının 7,5 faiz artacağı nəzərə alınıb.

Bundan başqa, pensiyaların yenidən hesablanması, yeni pensiya təyinatları, əlavə sənədlər əsasında pensiya məbləğlərinin dəyişdirilməsi və pensiyaçıların sayındakı dəyişikliklər də xərclərin formalaşmasına təsir edir.

Proqnoza əsasən, 2026-cı ilin sonunda orta aylıq pensiyanın 594,4 manat olacağı gözlənilir. 2027-ci ildə isə bu göstəricinin təxminən 7,5 faiz artaraq 639 manata çatacağı hesablanıb.

Fondun hesablamalarına görə, əmək pensiyaçılarının ümumi sayının 2027-ci ildə 718,39 min nəfər olacağı gözlənilir.

Pensiya xərclərinin artması əsasən yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə əmək pensiyalarının maliyyələşdirilməsi ilə bağlıdır.

Müavinət xərcləri 37,85 faiz artırılacaq

2027-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üçün 280,63 milyon manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin təsdiq edilmiş proqnozundan 77,06 milyon manat və ya 37,85 faiz çoxdur.

Müavinətlərin növlər üzrə bölgüsü belədir:

  • Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə – 47,38 milyon manat;
  • Hamiləliyə və doğuma görə – 77,34 milyon manat;
  • Uşağın anadan olmasına görə – 84,01 milyon manat;
  • 3 yaşınadək uşağa qulluğa görə – 21,39 milyon manat;
  • Dəfn üçün – 50,51 milyon manat.

Ən böyük vəsait uşağın anadan olmasına görə müavinətlərə ayrılacaq. Bu istiqamətdə 84,01 milyon manat xərclənməsi proqnozlaşdırılır.

Uşağın anadan olmasına görə müavinət 1 500 manat hesablanıb

2027-ci ildə uşağın anadan olmasına görə müavinət alanların sayının 56 004 nəfər olacağı gözlənilir. Bu məqsədlə ayrılan vəsaitin ümumi məbləği 84 milyon 5 min 706 manat təşkil edəcək.

Hesablamalarda bir nəfərə düşən müavinət məbləği 1 500 manat götürülüb.

Müqayisə üçün qeyd edək ki, 2025-ci ildə bu müavinət üzrə bir nəfərə düşən məbləğ 543 manat, 2026-cı ildə isə 600 manat nəzərdə tutulub. Beləliklə, 2027-ci il üçün hesablamada bir nəfərə düşən məbləğ əvvəlki ilin göstəricisindən 2,5 dəfə çox götürülüb.

Proqnozlaşdırmada 2027-ci ildə doğulan uşaqların sayının 88 259 nəfər olacağı əsas götürülüb.

Uşağa qulluğa görə müavinət xərcləri 21,39 milyon manat olacaq

Üç yaşınadək uşağa qulluğa görə müavinətlərin ödənilməsi üçün 21,39 milyon manat nəzərdə tutulur.

Bu istiqamətdə müavinət alanların sayının 24 870 nəfər, bir nəfərə düşən orta ödənişin isə 100 manat olacağı proqnozlaşdırılır. Hesablamalarda müavinətin orta hesabla 8,6 ay müddətində ödənilməsi nəzərə alınıb.

2026-cı ildə bu istiqamət üzrə müavinət alanların sayının 24 519 nəfər, bir nəfərə düşən orta məbləğin isə 37,58 manat olacağı gözlənilir.

Hamiləlik, doğuş və əmək qabiliyyətinin itirilməsinə görə ödənişlər

Hamiləliyə və doğuma görə müavinətlərin maliyyələşdirilməsi üçün 77,34 milyon manat ayrılacaq. Bu müavinəti alanların sayının 19 599 nəfər, bir nəfərə düşən orta ödəniş günlərinin sayının isə 78 gün olacağı proqnozlaşdırılır.

Hesablamalarda bir iş gününə düşən orta gündəlik qazanc 50,57 manat götürülüb.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlərə 47,38 milyon manat yönəldiləcək. Bu istiqamətdə müavinət alanların sayının 37 538 nəfər, bir nəfərə düşən orta ödəniş günlərinin sayının 23,6 gün, bir iş gününə düşən orta gündəlik qazancın isə 53,50 manat olacağı gözlənilir.

Dəfn müavinətləri üçün 50,51 milyon manat ayrılacaq

2027-ci ildə dəfn üçün müavinətlərin maliyyələşdirilməsinə 50,51 milyon manat vəsait nəzərdə tutulur.

Proqnoza əsasən, ölkədə ölənlərin sayının 67 200 nəfər, dəfn müavinəti alanların ümumi sayının isə 42 879 nəfər olacağı gözlənilir.

Müavinət alanların 1 895 nəfərinin sığortaolunan, 40 984 nəfərinin isə əmək pensiyaçısı olacağı hesablanıb.

Bir nəfərə düşən orta müavinət məbləği sığortaolunanlar üzrə 700 manat, pensiyaçılar üzrə isə 1 200 manat proqnozlaşdırılır.

Sanatoriya-kurort müalicəsi və sosial xidmətlər

Sığortaolunanların və əmək pensiyaçılarının sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirləri üçün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə 25 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Bu vəsaitin əsas hissəsi sanatoriya-kurort müalicəsi və istirahət üçün yollayışların alınmasına, qalan hissəsi isə uşaqların sağlamlıq düşərgələrində istirahətinin təşkili, idman qurğularının saxlanılması və əməyin mühafizəsi üzrə mütəxəssislərin fəaliyyətinin maliyyələşdirilməsinə yönəldiləcək.

DOST Agentliyinin və DOST mərkəzlərinin fəaliyyətinin müştərək maliyyələşdirilməsi üçün 50 min manat nəzərdə tutulur.

Pensiya və müavinətlərin vətəndaşlara çatdırılması üzrə bank xidmətlərinin haqqı maliyyə əməliyyatlarının 0,5 faizi həcmində müəyyən edilib. Bu məqsədlə 2027-ci ildə 44,75 milyon manat vəsait proqnozlaşdırılır.

Fondun aparatının və yerli struktur bölmələrinin saxlanılması üçün 189,66 milyon manat ayrılması nəzərdə tutulur. Qanunvericiliyə əsasən, bu istiqamətdə idarəetmə xərclərinin yuxarı həddi sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 2,5 faizi ilə məhdudlaşdırılır.