London, 17 noyabr, AZƏRTAC Dünyanın müxtəlif ölkələrində yüzlərlə məşhur veb-sayt kriptovalyutaların və bank kartı məlumatlarının oğurlanmasına yönəlmiş genişmiqyaslı kiberhücumun hədəfinə çevrilib.AZƏRTAC “The Independent”ə istinadla xəbər verir ki, hücum xüsusilə “iPhone” istifadəçilərini hədəf alıb və onların cihazlarına zərərli proqram təminatının yoluxdurulması məqsədi daşıyıb.Kiberhücumdan təsirlənən 178 təşkilat arasında HSBC, “Zoom”, IKEA, “Equifax”, “Salesforce” kimi beynəlxalq şirkətlər, həmçinin BBC və CNN kimi aparıcı media qurumları da var. Kibertəhlükəsizlik üzrə tədqiqatçı Skott Helmenin məlumatına görə, kibercinayətkarlar müəssisələrin internet platformalarını idarə etmək və təkmilləşdirmək üçün istifadə olunan süni intellekt əsaslı “Optimizely” xidmətindən yararlanan 178 təşkilatın veb-saytı vasitəsilə zərərli “JavaScript” kodu yayıblar. Zərərli kod istifadəçilərin kriptovalyuta əməliyyatlarını hücumçuların elektron pul kisələrinə yönləndirmək, bank kartı məlumatlarını oğurlamaq, brauzer kukilərini ələ keçirmək və ekran görüntülərini əldə etmək məqsədi daşıyıb.Bundan əlavə, kiberhücum çərçivəsində “iOS” əməliyyat sistemi ilə işləyən cihazlara, o cümlədən “iPhone” telefonlarına təhlükəsizlik boşluqlarından istifadə edən zərərli kodun yerləşdirilməsinə cəhd göstərilib. Skott Helme hücumdan təsirlənən təşkilatlara “Optimizely” hesablarına giriş icazəsi olan şəxsləri yenidən yoxlamağı və müştərilərinə zərərli proqram təminatı ötürülməsi halları barədə məlumat verməyi tövsiyə edib.Noyabrın 16-da hücumdan təsirlənən veb-saytlara daxil olmuş istifadəçilərə isə “iPhone” və “iPad” cihazlarının əməliyyat sistemini “iOS 18.7.3” və ya daha yeni, yaxud “iOS 26.3” və ya daha yeni versiyaya yeniləmək tövsiyə olunub. Aytən Abbaslı AZƏRTAC-ın xüsusi müxbiri London