Almaniyada yaşayan tanınmış azərbaycanlı bəstəkar, pianoçu və orqan ifaçısı, Əməkdar artist Arif Mirzəyev ömrünün 83-cü ilində vəfat edib. Bəstəkarın vətənə gətirilməsi və dəfn mərasiminin təşkili istiqamətində göstərilən dəstəyə görə həyat yoldaşı Tamara Mirzəyeva Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdarlığını bildirib.
Tamara Mirzəyeva bəstəkarın son mənzilə yola salınması üçün göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək, bu çətin günlərdə ailəsinə dövlət dəstəyinə görə təşəkkürünü ifadə edib.
Qeyd edək ki, mərhum Arif Mirzəyevin nəşinin Almaniyadan Azərbaycana gətirilməsi və dəfn mərasiminin təşkili ilə bağlı zəruri işlər Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Diasporuna Dəstək Fondu və Almaniya Azərbaycanlıları Alyansı tərəfindən həyata keçirilib.
Azərbaycan musiqi mədəniyyətinin tanınmış nümayəndələrindən olan Arif Mirzəyev yaradıcılığı, milli musiqi irsinin təbliği və Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə tanıdılması istiqamətindəki fəaliyyəti ilə yadda qalıb.