Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın Rusiyada 20 ilədək həbs cəzası ala biləcəyini açıqlayıb.
Volodin bu barədə “Maks” platformasında paylaşım edib.
Buna səbəb Kallasın Ukraynadakı müharibədə iştirak edən Rusiya hərbçilərinin şəxsi məlumatlarından istifadə edərək onların Aİ ölkələrinə girişinə qadağa qoyulması təklifidir.
Kallas noyabrın 16-da bildirib ki, hərbçilər barədə məlumatları əldə etmək nisbətən asan olacaq, çünki həmin məlumatlar rəqəmsal formada saxlanılır. Jurnalistin bu məlumatların hansı yolla əldə ediləcəyi ilə bağlı sualına isə o, Aİ-nin “çox yaxşı kəşfiyyat mütəxəssisləri” olduğunu deyib.
Volodin Kallasın açıqlamasını şəxsi məlumatların qanunsuz ələ keçirilməsi niyyəti kimi qiymətləndirib. O, Rusiya Cinayət Məcəlləsinin kompüter məlumatlarına qanunsuz giriş, şəxsi məlumatların qanunsuz dövriyyəsi və Rusiya Silahlı Qüvvələrinin istifadəsinin nüfuzdan salınması ilə bağlı maddələrini xatırladıb.
Dövlət Dumasının sədrinin iddiasına görə, bu maddələr üzrə cəzaların məcmusu 20 ilədək həbs təşkil edə bilər.