Bakı, 17 noyabr, AZƏRTAC Qlobal bazarda neft həftənin ikinci ticarət günündə də ucuzlaşıb. Buna Yaxın Şərqdən neft ixracının bərpası fonunda dünya bazarında təklifin tələbi üstələyəcəyi ilə bağlı gözləntilərin güclənməsi təsir göstərib.AZƏRTAC xəbər verir ki, “Brent” markalı neftin bir bareli hazırda 92 dollar, “Light” neftinin bir bareli isə 85 dollar səviyyəsindədir. Ekspertlərin fikrincə, bazar iştirakçıları neft təklifinin tələbi qarşılamaqla yanaşı, onu üstələyə biləcəyi ehtimalını getdikcə daha çox nəzərə alırlar. Tələb və təklif balansında baş verən dəyişmələr isə neft qiymətlərinə aşağı istiqamətli təzyiq göstərir.Beynəlxalq Enerji Agentliyinə (IEA) görə, Körfəz ölkələrinin ixracının artması nəticəsində oktyabrda qlobal neft təklifi əvvəlki ayla müqayisədə gündəlik 2 milyon 300 min barel artaraq 105 milyon 360 min barelə çatıb. Agentliyin proqnozuna əsasən, Körfəz ölkələrində hasilatın ilin sonunadək əsasən sabit qalacağı gözlənildiyindən, bu il qlobal neft təklifi gündəlik 920 min barel artaraq 101 milyon 600 min barel təşkil edəcək. IEA OPEC+ qrupunun cari ilin dördüncü rübü üzrə ümumi neft təklifi proqnozunu gündəlik orta hesabla 3,2 milyon barel artırıb. Bununla yanaşı, agentlik bazarın perspektivləri ilə bağlı azalma risklərinin davam etdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, neft təklifinin dayanıqlı şəkildə bərpası üçün dəniz daşımalarının və enerji infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi mühüm əhəmiyyət daşıyır.OPEC-in məlumatına görə, təşkilatın katibliyi üzv ölkələrin və Əməkdaşlıq Bəyannaməsinə qoşulan dövlətlərin maksimum dayanıqlı neft hasilatı potensialının qiymətləndirilməsi ilə bağlı bazar ertəsi videokonfrans formatında iclas keçirib. Baş katibi Haysam Əl-Qaysın sədrliyi ilə keçirilən toplantıda qiymətləndirmə prosesinin ilk dəfə müstəqil və obyektiv metodologiya əsasında həyata keçirildiyi bildirilib. Baş katib bu işi OPEC+ çərçivəsində tarixi dönüş nöqtəsi kimi dəyərləndirib. Sözügedən qiymətləndirmə OPEC+ ölkələrinin 2027-ci il və sonrakı dövr üçün hasilat kvotalarının müəyyənləşdirilməsində əsas meyarlardan biri olacaq.Neft qiymətlərinə təzyiq göstərən digər amil isə ABŞ dollarının möhkəmlənməsidir. ABŞ Federal Ehtiyat Sisteminin (FED) dekabr ayında faiz dərəcələrini artıracağına dair gözləntilərin güclənməsi dolların bahalaşmasına, bu isə xam neft və digər əmtəə qiymətlərinin aşağı düşməsinə səbəb olur.