"Epşteyn intihar etməyib, kəndirlə boğulub" - Məhkəmə-tibb eksperti

Yetkinlik yaşına çatmayanların cinsi istismarında ittiham olunan və həbsxana kamerasında ölü tapılan maliyyəçi Ceffri Epşteynin intihar etmədiyi, böyük ehtimalla qətlə yetirildiyi bildirilir.

Bu barədə amerikalı məhkəmə-tibb eksperti Maykl Friman BBC-yə açıqlamasında danışıb.

Professor Friman Epşteynin meyitini şəxsən müayinə etməsə də, ölüm faktı ilə bağlı məhkəmə materiallarını diqqətlə araşdırıb. O, əldə etdiyi məlumatlara əsaslanaraq, Epşteynin arxadan kəndir vasitəsilə boğulduğunu vurğulayıb.

Bununla yanaşı, yeddi il əvvəl Epşteynin meyitini yaran məhkəmə-tibbi ekspertin rəsmi rəyində bədəndəki xəsarətlərin intihar xarakterli olduğu qeyd edilib. Həmin rəydə bildirilirdi ki, meyitin üzərində özünümüdafiəyə xas xəsarət izləri aşkar olunmayıb.

ABŞ, Böyük Britaniya və digər ölkələrdən olan bir çox siyasətçilər, tanınmış iş adamları, o cümlədən Donald Trampla dostluq edən 66 yaşlı Ceffri Epşteyn 10 avqust 2019-cu ildə Nyu-York həbsxanasındakı kamerasında ölü tapılmışdı. O, cinsi istismar ittihamı üzrə məhkəmə prosesini gözləyirdi. Epşteynin ölümünü intihar kimi qiymətləndirən Nyu-Yorkun baş məhkəmə-tibbi eksperti Barbara Sempson daha əvvəl bildirmişdi: "Mən cənab Epşteynin ölümünün səbəbi və xarakteri ilə bağlı rəyimizin üzərində qətiyyətlə dayanıram. Səbəb asılma, xarakter isə intihardır".

BBC Frimanın iddialarını şərh etmək üçün Sempsona müraciət edib və cavab gözləyir. Peşəkar fəaliyyəti ərzində Maykl Friman ABŞ-nin müxtəlif ştatlarının baş prokurorluqlarında məhkəmə-tibb eksperti kimi çalışıb. O, həbsdə və ya nəzarət altında olan şəxslərin, o cümlədən Minneapolisdə 25 may 2020-ci ildə polis əməkdaşı tərəfindən saxlanılarkən ölən Corc Floydun ölüm səbəblərini müəyyənləşdirib.

C.Epşteynin cəsədinin tibbi müayinə sənədlərini onun qardaşı Mark Epşteyndən alan ekspert bir il ərzində onları araşdırıb. Mark Epşteyn özü isə qardaşının öldürüldüyünə əmindir.

Friman bildirib ki, mövcud sübutlar Epşteynə hücum edildiyini göstərir. Bu dəlillər arasında sol çiynindəki kəskin qançır və üz nahiyəsinə zərbə endirildiyini ehtimal edən xəsarətlər yer alır. Professorun fikrincə, cəsədin müayinə nəticələri yüksək ehtimalla əldədüzəlmə kəndirlə boğulmaya və daha sonra cəsədin həmin kəndirlə çarpayıdan asılmasına dəlalət edir. O əlavə edib ki, Epşteynin boynundakı kəndir izinin yuxarı hissəsində dırnaq cızıqlarını görmək mümkündür.

"Bu, xüsusən arxadan boğulma mənzərəsinə və qurbanın kəndiri boynundan çıxarmaq cəhdlərinə uyğun gəlir. Bədəndəki xəsarətlər və cəsədin tapıldığı vəziyyət bir-biri ilə uzlaşmır. Buna görə də yalnız bir izah qalır: ölüm qətl nəticəsində baş verib", - deyə ekspert bildirib.

Qeyd edək ki, Epşteyn ilk dəfə 2008-ci ildə yetkinlik yaşına çatmayanları fahişəliyə cəlb etməkdə ittiham olunmuşdu, lakin o zaman istintaqla əməkdaşlıq müqaviləsi sayəsində cəmi 13 ay həbs cəzası almışdı. 11 il sonra Epşteynə yeniyetmə qızların cinsi istismarı üzrə bütöv bir sistem təşkil etmək ittihamı irəli sürüldü və buna görə onu onilliklərlə həbs cəzası gözləyirdi.