"Böyük Britaniya Azərbaycanla bərpaolunan enerji və elektrik enerjisinin uzun məsafələrə ötürülməsi sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir".
Bunu Böyük Britaniyanın Azərbaycandakı səfiri Dunkan Norman mətbuat konfransında yaşıl enerji sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı sualı cavablandırarkən bildirib.
Səfir qeyd edib ki, yaşıl enerji Böyük Britaniyanın enerji siyasətində mühüm yer tutur və ölkə bu sahədə əldə etdiyi təcrübəni digər dövlətlərlə bölüşməkdə maraqlıdır.
“Böyük Britaniya üçün yaşıl enerji hər zaman fəaliyyətimizin mühüm istiqamətlərindən biri olub. Daha əvvəl də qeyd etdiyim kimi, hazırda ölkəmizin enerji təminatının əhəmiyyətli hissəsi bərpaolunan mənbələr hesabına formalaşır. Biz öz enerji sənayesini inkişaf etdirmək istəyən digər ölkələrə də dəstək verməkdə maraqlıyıq”.
Dunkan Norman Azərbaycanın bu istiqamətdə əməkdaşlıq üçün imkanlara malik olduğunu vurğulayıb.
Onun sözlərinə görə, Britaniya şirkətlərinin innovativ texnologiyaları və enerji sahəsində təcrübəsi Azərbaycanla birgə layihələrin həyata keçirilməsi üçün imkanlar yaradır.
Səfir xüsusilə elektrik enerjisinin böyük məsafələrə ötürülməsi sahəsində əməkdaşlığa diqqət çəkib.
“Azərbaycan və Böyük Britaniyanın elektrik enerjisinin bir məntəqədən digərinə, minlərlə kilometr məsafəyə ötürülməsi kimi istiqamətlərdə sıx əməkdaşlıq etmək imkanları var. Hazırda biz bu sahədə fəal şəkildə birgə işləyirik. Ümid edirəm ki, yaxın həftələrdə bununla bağlı yaxşı xəbərlər olacaq”, - deyə səfir bildirib.
Diplomat yaşıl enerji layihələrinin maliyyələşdirilməsi imkanlarına da toxunub.
O qeyd edib ki, Böyük Britaniyanın ixrac kreditləri üzrə maliyyələşdirmə mexanizmləri çərçivəsində ümumilikdə 5 milyard funt sterlinqədək maliyyə imkanı mövcuddur.
“Bu imkanlardan yararlanmaq istəyən şirkətlər üçün müvafiq maliyyələşdirmə mexanizmləri mövcuddur. Layihələrdə Britaniya mənşəli komponentlərin iştirakı da nəzərə alına bilər. Bu maliyyə imkanları yaşıl enerji layihələri üçün də əlçatandır”.