Tbilisi, 17 noyabr, AZƏRTAC Azərbaycanın 10 ali təhsil müəssisəsi QS beynəlxalq reytinq agentliyinin dünyanın ən yaxşı 1000 universiteti siyahısına daxil edilib. Onlardan üçü ilk 800 universitetin sırasında qərarlaşıb. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev Tbilisidə keçirilən “Study in Azerbaijan” təhsil sərgisində çıxışı zamanı bildirib. Onun sözlərinə görə, Azərbaycanda tədris proqramlarının müasirləşdirilməsi, ali təhsil müəssisələrinin maddi-texniki bazasının genişləndirilməsi, akademik potensialının gücləndirilməsi və beynəlxalq rəqabətliliyinin artırılması istiqamətində tədbirlər həyata keçirilir. İ.İsayev qeyd edib ki, bu tədbirlərin əsas məqsədi təhsilin keyfiyyətini yüksəltmək, əmək bazarının tələblərinə uyğun bilikli və bacarıqlı mütəxəssislər hazırlamaqdır. Nazir müavini vurğulayıb ki, beynəlxalq reytinqlərdə yüksək mövqelər qazanmaq özlüyündə əsas məqsəd deyil. Başlıca hədəf keyfiyyətli təhsil vermək və peşəkar kadrlar yetişdirməkdir. O bildirib ki, sürətlə dəyişən dünyada əmək bazarının tələbləri də yenilənir. Bəzi ixtisaslar əvvəlki əhəmiyyətini itirir, yeni təhsil proqramları meydana çıxır. Buna görə də gənclər ixtisas və ali təhsil müəssisəsi seçərkən diqqətli olmalıdırlar. İ.İsayev sərginin gənclər üçün əhəmiyyətini də vurğulayıb. O qeyd edib ki, tədbir ziyarətçilərə Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə birbaşa görüşmək, ixtisaslar və təhsil imkanları barədə məlumat almaq üçün əlverişli imkan yaradır. Xətayi Əzizov AZƏRTAC-ın xüsusi müxbiri Tbilisi