2027-ci ilin dövlət büdcəsi layihəsi birinci oxunuşda qəbul edildi

"Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin bugünkü plenar iclasında birinci oxunuşda qəbul edilib.

Trend-in plenar iclasda iştirak edən müxbirinin xəbərinə görə, Azərbaycanda 2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat proqnozlaşdırılır.

Büdcə gəlirlərinin 60,6 faizinin qeyri-neft-qaz sektorunun hesabına formalaşacağı, sosialyönlü xərclərin 18 milyard 733,4 milyon manat, müdafiə və milli təhlükəsizlik xərclərinin isə 8 milyard 816,4 milyon manat təşkil edəcəyi gözlənilir. İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması üçün ümumilikdə 3 milyard 422 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

2027-ci il və sonrakı üç il üzrə dövlət və icmal büdcələrin layihələri qlobal iqtisadi meyillər, ölkənin makroiqtisadi inkişaf proqnozları, fiskal dayanıqlılıq və müəyyən edilmiş prioritet xərc istiqamətləri nəzərə alınmaqla hazırlanıb.

2027-ci ildə Azərbaycanın iqtisadi artımı və inflyasiya proqnozları

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda 102 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bunun 71,7 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM real ifadədə 1,5 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 2,6 faiz artıb.

Həmin dövrdə sənayedə 35 milyard manat, ticarət və nəqliyyat vasitələrinin təmiri sahəsində 10,9 milyard manat, kənd təsərrüfatında 6 milyard 687,4 milyon manat, tikintidə 5 milyard 513,6 milyon manat, turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda isə 2 milyard 910,7 milyon manat əlavə dəyər yaradılıb.

2026-cı ilin sentyabrında illik inflyasiya 5,5 faiz, yanvar-sentyabr ayları üzrə orta illik inflyasiya isə 5,7 faiz təşkil edib.

İqtisadiyyat Nazirliyinin proqnozlarına əsasən, 2026-cı ildə ÜDM-in real ifadədə 1,7 faiz artaraq 138 milyard manata çatacağı gözlənilir. 2027-ci ildə isə iqtisadi artımın 2,7 faiz olacağı və ÜDM-in 141 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

Növbəti ildə qeyri-neft-qaz ÜDM-in real ifadədə 4,4 faiz artaraq 109,1 milyard manata çatacağı, bu sektorun ÜDM-də xüsusi çəkisinin isə 77,4 faizə yüksələcəyi gözlənilir. Neft-qaz sektoru üzrə ÜDM-in real ifadədə 1,8 faiz azalacağı proqnozlaşdırılır.

Proqnozların hazırlanmasında xam neftin bir barelinin qiyməti 65 ABŞ dolları götürülüb.

Ortamüddətli proqnozlara görə, 2030-cu ildə ölkənin ÜDM-i 169,1 milyard manata yüksələcək, qeyri-neft-qaz sektorunun iqtisadiyyatda xüsusi çəkisi isə 82 faizə çatacaq. Orta illik inflyasiyanın 2026-cı ildəki 5,7 faizdən tədricən azalaraq 2030-cu ildə 4,3 faiz olacağı gözlənilir.

Əhalinin real gəlirlərinin 2027-ci ildə 3,5 faiz, 2028-2030-cu illərdə isə orta hesabla illik 3,7 faiz artacağı proqnozlaşdırılır. Əhalinin xərclərinin real artımının müvafiq olaraq 3,6 faiz və orta hesabla 3,7 faiz olacağı gözlənilir.

Dövlət büdcəsinin gəlirləri 39,2 milyard manat olacaq

2027-ci il dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnozu ilə müqayisədə 645 milyon manat və ya 1,7 faiz, 2025-ci ilin faktiki icrası ilə müqayisədə isə 69,4 milyon manat və ya 0,2 faiz çoxdur.

Dövlət Neft Fondundan transfert çıxılmaqla büdcə gəlirlərinin 27 milyard 354 milyon manat təşkil edəcəyi gözlənilir. Bu, 2026-cı ilin müvafiq göstəricisindən 1 milyard 580 milyon manat və ya 6,1 faiz çoxdur.

2027-ci il üzrə büdcə gəlirlərinin 15 milyard 480 milyon manatının və ya 39,4 faizinin neft-qaz sektorunun, 23 milyard 774 milyon manatının və ya 60,6 faizinin qeyri-neft-qaz sektorunun hesabına formalaşacağı nəzərdə tutulur.

Qeyd olunur ki, son 5 ildə dövlət büdcəsinin faktiki gəlirlərində qeyri-neft-qaz sektorunun xüsusi çəkisi 43,3 faizdən 51,9 faizə yüksəlib. 2027-ci il üçün nəzərdə tutulan 60,6 faizlik göstərici isə son 20 ilin ən yüksək səviyyəsi olacaq.

2026-cı ilin proqnozu ilə müqayisədə neft-qaz sektorundan daxilolmaların 955 milyon manat və ya 5,8 faiz azalacağı, qeyri-neft-qaz sektorundan daxilolmaların isə 1 milyard 600 milyon manat və ya 7,2 faiz artacağı gözlənilir.

  • Dövlət büdcəsinin gəlirlərinin əsas mənbələr üzrə bölgüsü belədir:
  • Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar - 18 milyard 430 milyon manat;
  • Dövlət Neft Fondundan transfert - 11 milyard 900 milyon manat;
  • Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmalar - 6 milyard 868 milyon manat;
  • Büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar - 949 milyon manat;
  • Digər gəlirlər - 1 milyard 404 milyon manat.

Dövlət Neft Fondundan büdcəyə transfertin 2026-cı ilin proqnozu ilə müqayisədə 935 milyon manat və ya 7,3 faiz azaldılması nəzərdə tutulur.

Vergi daxilolmaları və dövlət müəssisələrinin dividend ödənişləri artacaq

Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 18 milyard 430 milyon manat daxilolma proqnozlaşdırılır. Bunun 14 milyard 850 milyon manatı qeyri-neft-qaz, 3 milyard 580 milyon manatı isə neft-qaz sektorunun payına düşəcək.

Əsas vergi növləri üzrə daxilolmaların aşağıdakı səviyyədə olması gözlənilir:

  • Fiziki şəxslərin gəlir vergisi - 3 milyard 70 milyon manat;
  • Hüquqi şəxslərin mənfəət vergisi - 6 milyard 983 milyon manat;
  • Əlavə dəyər vergisi - 4 milyard 686 milyon manat;
  • Sadələşdirilmiş vergi - 467 milyon manat;
  • Aksizlər - 1 milyard 669 milyon manat;
  • Əmlak vergisi - 400 milyon manat;
  • Mədən vergisi - 155 milyon manat;
  • Torpaq vergisi - 48 milyon manat;
  • Dövlət rüsumu - 420 milyon manat;
  • Yol vergisi - 307 milyon manat.

Fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların 2026-cı ilin proqnozu ilə müqayisədə 690,7 milyon manat və ya 29 faiz artması gözlənilir. Artımın səbəbləri arasında qeyri-neft-qaz ÜDM-in nominal ifadədə 9,1 faiz artması, orta aylıq əməkhaqqının 8,7 faiz artaraq 1 288,3 manata çatması və 2027-ci ildən qeyri-neft-qaz və qeyri-dövlət sektorunda muzdlu işlə əlaqədar gəlir vergisi üzrə yeni mexanizmin tətbiqi göstərilir. Həmin mexanizm çərçivəsində vergi dərəcəsinin 3 faizdən 5 faizə qaldırılması nəzərdə tutulur.

Dövlət müəssisələrindən alınan dividendlər üzrə daxilolmaların 872 milyon manat olacağı proqnozlaşdırılır. Bu, 2026-cı ilin göstəricisindən 272 milyon manat və ya 45,3 faiz çoxdur.

2027-ci ildə dövlət büdcəsinə dividend ödəyən müəssisələrin sayının 2-dən 52-yə çatdırılması nəzərdə tutulur. SOCAR-dan 434 milyon manat, Azərbaycan Beynəlxalq Bankından 175 milyon manat dividend daxilolması gözlənilir.

İlk dəfə dividend ödəyəcək təşkilatlardan isə ümumilikdə 263 milyon manat daxilolma proqnozlaşdırılır. Bu məbləğin 71,3 milyon manatı "Azərsilah" Müdafiə Sənayesi Holdinqinin, 48,6 milyon manatı "Azərbaycan Hava Yolları" QSC-nin, 39,6 milyon manatı "Azərgold" QSC-nin, 36,5 milyon manatı "Azərenerji" ASC-nin, 21,3 milyon manatı "Azercell Telekom" MMC-nin payına düşür.

Gömrük orqanlarının xətti ilə daxilolmaların 6 milyard 868 milyon manat olacağı gözlənilir. Bunun 4 milyard 700 milyon manatı idxal olunan mallara əlavə dəyər vergisinin, 240 milyon manatı aksizlərin, 1 milyard 867 milyon manatı isə gömrük rüsumlarının payına düşəcək.

2027-ci ildə idxalın həcminin 19 milyard ABŞ dolları təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da 2025-ci ilin faktiki göstəricisindən 900 milyon dollar və ya 5 faiz çoxdur.

Dövlət büdcəsinin xərcləri 42,4 milyard manat təşkil edəcək

2027-ci il dövlət büdcəsinin xərcləri 42 milyard 400 milyon manat proqnozlaşdırılır. Bu, 2026-cı ilin proqnozundan 696,4 milyon manat və ya 1,7 faiz, 2025-ci ilin faktiki icrasından isə 3 milyard 795,4 milyon manat və ya 9,8 faiz çoxdur.

Xərclərin ÜDM-də xüsusi çəkisinin 30,1 faiz olacağı gözlənilir.

Dövlət büdcəsi xərclərinin iqtisadi təsnifat üzrə strukturu belə müəyyən edilib:

  • Cari xərclər - 26 milyard 400 milyon manat və ya 62,3 faiz;
  • Əsaslı xərclər - 13 milyard 800 milyon manat və ya 32,5 faiz;
  • Dövlət borcuna xidmət xərcləri - 2 milyard 200 milyon manat və ya 5,2 faiz.

Əməyin ödənişi xərclərinə 11 milyard 891,3 milyon manat ayrılması nəzərdə tutulur. Bu, 2026-cı ilin göstəricisindən 1 milyard 643,9 milyon manat və ya 16 faiz çoxdur.

Malların, işlərin və xidmətlərin satın alınmasına 6 milyard 249,9 milyon manat, sosial ödənişlərə 3 milyard 462 milyon manat, subsidiyalara 1 milyard 328,7 milyon manat, qrantlar və digər ödənişlərə isə 3 milyard 409,1 milyon manat vəsait proqnozlaşdırılır.

Sosialyönlü xərclər 18,7 milyard manata çatacaq

2027-ci il dövlət büdcəsində sosialyönlü xərclər üçün 18 milyard 733,4 milyon manat vəsait nəzərdə tutulub. Bu, ümumi büdcə xərclərinin 44,2 faizini təşkil edir.

Sosialyönlü xərclərin 2026-cı illə müqayisədə 1 milyard 582,1 milyon manat və ya 9,2 faiz, 2025-ci ilin faktiki icrası ilə müqayisədə isə 3 milyard 478,9 milyon manat və ya 22,8 faiz artırılması nəzərdə tutulur.

Əhalinin gəlir imkanlarının və rifahının yaxşılaşdırılması, yoxsulluğun azaldılması, aztəminatlı ailələrin və sosial cəhətdən həssas qrupların müdafiəsi üçün 2 milyard 850,2 milyon manat ayrılması planlaşdırılır.

Sosial müdafiə və sosial təminat xərclərinin ümumi məbləği 4 milyard 914 milyon manat olacaq. Bunun 2 milyard 247 milyon manatı yaşa, əlilliyə, ailə başçısını itirməyə görə müavinətlərin, Prezident təqaüdlərinin və mənzil təminatı ilə bağlı xərclərin maliyyələşdirilməsinə, 470 milyon manatı ünvanlı dövlət sosial yardımına, 133,2 milyon manatı isə haqqı ödənilən ictimai işlərə yönəldiləcək.

Keçmiş məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün 289,4 milyon manat nəzərdə tutulur. Bunun 257,3 milyon manatı vahid aylıq müavinətin verilməsinə, 14,6 milyon manatı kommunal xidmətlərin ödənilməsinə, 17,5 milyon manatı isə digər tədbirlərə ayrılacaq.

Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması üçün dövlət büdcəsindən 1 milyard 600 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

Təhsil və elmə 5,3 milyard manatdan çox vəsait ayrılacaq

2027-ci ildə təhsil xərclərinin 5 milyard 99 milyon manat, elm xərclərinin isə 257,9 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

Təhsil xərclərinin 2 milyard 185,4 milyon manatı ümumi təhsilə, 853,5 milyon manatı ali təhsil və dövlət sifarişi ilə kadr hazırlığına, 434,8 milyon manatı məktəbəqədər təhsilə, 115,4 milyon manatı peşə təhsilinə, 102,1 milyon manatı orta ixtisas təhsilinə yönəldiləcək.

Məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi üçün 37,5 milyon manat ayrılması nəzərdə tutulur. Bu, cari illə müqayisədə 10,3 milyon manat və ya 38 faiz çoxdur.

2022-2026-cı illərdə sertifikatlaşdırma proqramında iştirak edən 137 min müəllim heyətindən uğur qazananların diferensial əməkhaqqı sisteminə cəlb edilməsi üçün 286,4 milyon manat vəsait proqnozlaşdırılıb.

Peşə təhsili müəssisələrində 12 min nəfərədək təhsilalanı əhatə edəcək adambaşına maliyyələşmə sisteminə keçid üçün 38,4 milyon manat ayrılacaq.

Dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsilalanların sayının 148 950 nəfərə, təqaüd alanların sayının isə 118 750 nəfərə çatacağı gözlənilir.

Digər istiqamətlər üzrə:

  • 85 mindən çox 5 yaşlı uşağın məktəbəhazırlıq təhsili ilə əhatə olunması üçün 32,6 milyon manat;
  • Ümumtəhsil məktəblərinin şagirdləri üçün təqribən 7,2 milyon nüsxə pulsuz dərslik və metodiki vəsaitlərin alınmasına 17 milyon manat;
  • Xüsusi təhsilə cəlb olunan 10 627 uşağın daşınması ilə bağlı müavinətlərə 7,1 milyon manat;
  • Kənd rayonlarında işləyəcək 12,6 mindən çox gənc müəllimin stimullaşdırılmasına 20,9 milyon manat;
  • Təhsil sisteminin informasiyalaşdırılmasına 36,8 milyon manat ayrılması nəzərdə tutulur.

Qarabağ Universitetinin fəaliyyətinin maliyyələşdirilməsi üçün 51 milyon manat, Türkiyə-Azərbaycan birgə Universiteti üçün isə 6 milyon manat vəsait proqnozlaşdırılır.

Elm xərclərinin 223,8 milyon manatı fundamental elmə, 34,1 milyon manatı isə tətbiqi tədqiqatlara yönəldiləcək.

Səhiyyəyə 2 milyard manatdan çox vəsait ayrılacaq

2027-ci ildə səhiyyə xərcləri 2 milyard 84,1 milyon manat proqnozlaşdırılır. Bu, 2026-cı ilin göstəricisindən 59,8 milyon manat və ya 3 faiz çoxdur.

Səhiyyə xərclərinin 1 milyard 100 milyon manatı əhalinin dövlət vəsaiti hesabına icbari tibbi sığortalanmasına yönəldiləcək. Bu istiqamətdə ayrılan vəsaitin cari illə müqayisədə 200 milyon manat və ya 22,2 faiz artırılması nəzərdə tutulur.

Milli Onkologiya Mərkəzinə 64,3 milyon manat, Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasına 1,6 milyon manat, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinə isə 8,6 milyon manat ayrılacaq.

Səhiyyə Nazirliyinin xətti ilə xəstələrin dərman preparatları və digər tibbi ləvazimatlarla təminatı, xəstəliklərin profilaktikası və mübarizə tədbirləri üçün əlavə 99,6 milyon manat vəsait nəzərdə tutulub.

Müdafiə və milli təhlükəsizliyə 8,8 milyard manat yönəldiləcək

2027-ci il dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərcləri üçün 8 milyard 816,4 milyon manat vəsait nəzərdə tutulur. Bu, 2026-cı illə müqayisədə 98,8 milyon manat və ya 1,1 faiz, 2025-ci ilin faktiki icrası ilə müqayisədə isə 748,4 milyon manat və ya 9,3 faiz çoxdur.

Müdafiə potensialının gücləndirilməsi və Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması məqsədilə əsaslı xərclərdən xüsusi müdafiə təyinatlı layihələrə 4 milyard manat ayrılması planlaşdırılır.

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarının saxlanılması üçün isə 3 milyard 438,6 milyon manat vəsait nəzərdə tutulub.

Hərbi qulluqçuların mənzillə təmin olunması və digər zəruri xərclər üçün 15 milyon manat, kirayə mənzilə görə pul kompensasiyası üçün isə 14,7 milyon manat ayrılacaq.

İşğaldan azad edilmiş ərazilərin bərpasına 3,4 milyard manat

2027-ci ildə dövlət əsaslı vəsait qoyuluşu, yəni investisiya xərcləri üçün 5 milyard 300 milyon manat nəzərdə tutulur.

Bu vəsaitin 3 milyard 400 milyon manatı işğaldan azad edilmiş ərazilərdə Böyük Qayıdışın təmin edilməsi, şəhər və kəndlərin yenidən qurulması, elektrik enerjisi, təbii qaz, su, rabitə, yol, təhsil, səhiyyə və digər infrastrukturun yaradılmasına yönəldiləcək.

Bununla yanaşı, digər əsaslı investisiya layihələri üçün 1 milyard 900 milyon manat ayrılması nəzərdə tutulur.

Ümumilikdə, dövlət büdcəsinin bütün xərc bölmələri üzrə işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və digər tədbirlər üçün 3 milyard 422 milyon manat vəsait yönəldiləcək.

Kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi xərcləri artacaq

Kənd təsərrüfatı, mənzil-kommunal təsərrüfatı və ətraf mühitin mühafizəsi istiqamətləri üzrə ümumilikdə 2 milyard 153,3 milyon manat vəsait proqnozlaşdırılır.

Kənd təsərrüfatı xərcləri 1 milyard 379,5 milyon manat təşkil edəcək. Bunun 477 milyon manatı su təsərrüfatının idarə edilməsinin təkmilləşdirilməsi, fermerlərin suvarma suyu ilə təminatı və meliorasiya tədbirlərinə, 800,9 milyon manatı məqsədli kənd təsərrüfatı tədbirlərinə, 53,3 milyon manatı isə baytarlıq tədbirlərinə yönəldiləcək.

Ərzaq təhlükəsizliyi tədbirləri üçün 522,6 milyon manat vəsait nəzərdə tutulur. Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi məqsədilə isə 30,4 milyon manat ayrılacaq.

Ətraf mühitin və təbiətin mühafizəsi, meşə təsərrüfatı, bioloji zənginliyin qorunması, çirkab suların yığılması və təmizlənməsi üçün 438,6 milyon manat vəsait proqnozlaşdırılır.

Bunun 275,3 milyon manatı ərazilərin təmizlənməsi, çirkab suların yığılması və təmizlənməsinə, 21,3 milyon manatı meşə təsərrüfatına, 10,7 milyon manatı bioloji zənginliyin qorunmasına yönəldiləcək.

Şəhər, rayon və qəsəbələrdə sanitar təmizlik, abadlaşdırma, təmir və yenidənqurma işləri üçün 242,8 milyon manat, "Təmiz Şəhər" ASC-yə bərk məişət tullantılarının zərərsizləşdirilməsi məqsədilə 17,5 milyon manat subsidiya ayrılması nəzərdə tutulur.

İqlim dəyişikliyi ilə əlaqəli tədbirlər üçün kənd təsərrüfatı və ətraf mühit sektorları üzrə ümumilikdə 1 milyard 343,2 milyon manat proqnozlaşdırılıb. Bunun 1 milyard 258,1 milyon manatı iqlim dəyişikliklərinə uyğunlaşma, 85,1 milyon manatı isə emissiyaların azaldılması tədbirlərinə yönəldiləcək.

Mədəniyyət, media, idman və turizmə ayrılan vəsait

Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi və gənclər siyasəti sahələri üzrə 643 milyon manat vəsait nəzərdə tutulur.

Bunun 238,8 milyon manatı mədəniyyət və incəsənət sahəsinə, 68,4 milyon manatı televiziya, radio və nəşriyyata, 48,7 milyon manatı bədən tərbiyəsi və gənclər siyasətinə, 264,3 milyon manatı isə digər müəssisə və tədbirlərə yönəldiləcək.

Media vasitələrinin, o cümlədən Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin fəaliyyətinin təmin edilməsi üçün 53,5 milyon manat, Media və Yayım Şurası, "Media Mükəmməllik Şəbəkəsi" və AZƏRTAC-la bağlı xərclər üçün isə 14,5 milyon manat ayrılması nəzərdə tutulub.

Bədən tərbiyəsi və idmanın təşkili üçün 35,8 milyon manat, gənclər siyasəti üzrə 12,9 milyon manat vəsait proqnozlaşdırılır. Ölkədə 76 idman obyektinin saxlanılması üçün 11,9 milyon manat, 35 "Gənclər evi" sosial xidmət müəssisəsinin fəaliyyəti üçün isə 5,3 milyon manat ayrılacaq.

Turizm imkanlarının genişləndirilməsi üçün Dövlət Turizm Agentliyinə 42,1 milyon manat vəsait nəzərdə tutulub. Bunun 25,1 milyon manatı ölkənin turizm potensialının tanıdılması və marketinq-kommunikasiya tədbirlərinə, 3,5 milyon manatı xarici televiziya şirkətləri vasitəsilə təbliğata yönəldiləcək.

Dövlət borcu və borca xidmət xərcləri

2026-cı il oktyabrın 1-nə olan operativ məlumatlara əsasən, Azərbaycanın ümumi dövlət borcu 23 milyard 896,3 milyon manat təşkil edib. Bu, həmin tarixə proqnozlaşdırılan ÜDM-in 17,3 faizinə bərabərdir.

Ümumi dövlət borcunun 7 milyard 666,2 milyon manatı və ya 32,1 faizi xarici, 16 milyard 230,1 milyon manatı və ya 67,9 faizi daxili dövlət borcunun payına düşür.

2026-cı ilin əvvəli ilə müqayisədə ümumi dövlət borcu 2 milyard 91,3 milyon manat və ya 8 faiz azalıb.

2027-ci ildə dövlət borcuna xidmət xərcləri üçün 2 milyard 200 milyon manat ayrılması nəzərdə tutulur. Bunun 1 milyard 427,5 milyon manatı xarici, 772,5 milyon manatı isə daxili dövlət borcu üzrə öhdəliklərin yerinə yetirilməsinə yönəldiləcək.

2027-ci il üçün daxili dövlət borclanmasının yuxarı həddi 2 milyard 500 milyon manat, xarici dövlət borclanmasının yuxarı həddi 6 milyard manat, il ərzində veriləcək dövlət zəmanətlərinin yuxarı həddi də 6 milyard manat müəyyən edilib.

Ortamüddətli proqnozlara görə, 2030-cu ilin sonuna dövlət borcunun 34,5 milyard manata çatacağı və ÜDM-in 20,4 faizini təşkil edəcəyi gözlənilir.

İcmal büdcənin gəlirləri 47,6 milyard manat olacaq

2027-ci il icmal büdcəsinin gəlirləri 47 milyard 619,2 milyon manat, xərcləri isə 50 milyard 377,1 milyon manat proqnozlaşdırılır.

Bu, 2026-cı illə müqayisədə gəlirlər üzrə 2 milyard 649,8 milyon manat və ya 5,9 faiz, xərclər üzrə isə 1 milyard 537,8 milyon manat və ya 3,1 faiz artım deməkdir.

İcmal büdcənin kəsirinin 2 milyard 757,9 milyon manat olacağı gözlənilir. Bu, ÜDM-in 2 faizinə bərabərdir və 2026-cı illə müqayisədə 1 milyard 112,1 milyon manat və ya 28,7 faiz azdır.

İcmal büdcənin tərkibində Dövlət Neft Fondunun gəlirləri 13 milyard 316,2 milyon manat, xərcləri isə 12 milyard 102,8 milyon manat proqnozlaşdırılır.

Dövlət Sosial Müdafiə Fondunun xərcləri 9 milyard 272,5 milyon manat, İşsizlikdən Sığorta Fondunun xərcləri 319,2 milyon manat, İcbari Tibbi Sığorta Fondunun xərcləri isə 2 milyard 980,2 milyon manat nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərclərinin bərabər olmaqla 510 milyon manat təşkil edəcəyi gözlənilir. Bunun 198 milyon manatı dövlət büdcəsindən ayrılan dotasiya, 312 milyon manatı isə muxtar respublikanın öz gəlirləri hesabına formalaşacaq.

Büdcə siyasətində əsas hədəflər və fiskal risklər

2027-2030-cu illərdə büdcə siyasətinin əsas məqsədləri makroiqtisadi dayanıqlılığın qorunması, dövlət borcunun idarə olunması, Dövlət Neft Fondunun aktivlərinin mühafizəsi və büdcə xərclərinin səmərəliliyinin artırılmasıdır.

Ortamüddətli dövrün sonuna icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft-qaz ÜDM-ə nisbətinin 13 faizə endirilməsi nəzərdə tutulur. Bu göstəricinin hər il orta hesabla 2,1 faiz bəndi azalacağı proqnozlaşdırılır.

2027-ci ildə cari xərclərin qeyri-neft gəlirləri hesabına qarşılanma səviyyəsinin 90 faiz olacağı, ortamüddətli dövrün sonuna isə cari xərclərin qeyri-neft-qaz gəlirləri hesabına tam maliyyələşdirilməsi hədəflənir.

Vergi və gömrük güzəştlərinin qeyri-neft-qaz ÜDM-ə nisbətinin ortamüddətli dövrün sonuna 7,4-8 faiz səviyyəsində saxlanılması, qeyri-neft-qaz gəlirlərinin proqnozu ilə faktiki icrası arasındakı fərqin isə 5 faizdən çox olmaması hədəflənir.

Dövlət Neft Fondunun aktivlərinin 2026-cı ilin birinci yarısında 72,6 milyard ABŞ dollarına çatdığı bildirilir. Proqnoza əsasən, 2030-cu ildə baza ssenarisi üzrə Fondun aktivləri 78,3 milyard dollara, ekstremal ssenarilərdə isə 48 milyard dollara yaxınlaşa bilər.

Neft qiymətlərindəki dəyişikliklərin büdcəyə təsiri də müxtəlif ssenarilər üzrə qiymətləndirilib. Bunun üçün baza proqnozundan 10, 15 və 20 ABŞ dolları yuxarı və aşağı kənarlaşmalar nəzərə alınıb. Hesablamalara əsasən, 2030-cu ildə bir barel neftin fiskal itkisiz qiymətinin 65 ABŞ dolları olacağı gözlənilir.

Qeyri-neft-qaz ÜDM-in artım tempi üzrə risklər baza proqnozundan 0,5, 1 və 2 faiz bəndi, inflyasiya üzrə risklər isə 0,5, 1 və 1,5 faiz bəndi kənarlaşmalar əsasında qiymətləndirilib.

Fiskal risklərin azaldılması üçün vergi bazasının genişləndirilməsi, vergi inzibatçılığının gücləndirilməsi, dövlət subsidiyalarının optimallaşdırılması, dövlət müəssisələrinin səmərəliliyinin artırılması və ortamüddətli fiskal konsolidasiyanın davam etdirilməsi nəzərdə tutulur.

Bundan başqa, nəticəəsaslı büdcə mexanizminin tətbiqi genişləndirilir. Hazırda islahatlara cəlb olunan sektorların sayı 8-ə çatdırılıb. Bu istiqamətdə 141 təşkilata strateji və büdcə planlarının hazırlanmasında dəstək göstərilib.

2027-ci ildə nəticəəsaslı büdcə mexanizminin tətbiq edildiyi 8 sektor üzrə ümumilikdə 25 proqramın həyata keçirilməsi üçün vəsait nəzərdə tutulur.