Milli Məclisdə dəfn pulu ilə bağlı yeni təklif verildi

Ali və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin ictimai nəqliyyatdan güzəştli şərtlərlə istifadə etməsi mexanizmi hazırlanmalı, pensiya və sosial müavinət almayan vətəndaşların aztəminatlı ailələrinə də dəfn üçün birdəfəlik müavinət verilməsi imkanları nəzərdən keçirilməlidir.

Trend-in müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Günay Ağamalı parlamentin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, dövlət büdcəsinin sosial istiqamətləri sırasında gənclərin və tələbələrin dəstəklənməsi mühüm yer tutur. Bu sahədə həyata keçirilən tədbirlərin davamı olaraq ali və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin ictimai nəqliyyatdan güzəştli şərtlərlə istifadə etməsi mexanizminin hazırlanmasını və mərhələli şəkildə tətbiqini məqsədəuyğun hesab edir.

G.Ağamalının sözlərinə görə, tələbələrin gündəlik nəqliyyat xərcləri, xüsusilə aztəminatlı ailələrdən olan və regionlardan paytaxta təhsil almağa gələn gənclər üçün əlavə maddi yük yaradır.

“Belə güzəştlərin tətbiqi onların sosial müdafiəsini gücləndirməklə yanaşı, ailə büdcəsinə də müsbət təsir göstərəcək”, – deyə deputat qeyd edib.

O hesab edir ki, aidiyyəti dövlət qurumları məsələnin maliyyə imkanlarını və tətbiq mexanizmlərini araşdırmalı, bununla bağlı müvafiq təkliflər hazırlamalıdırlar.

G.Ağamalı dövlətin sosial siyasəti çərçivəsində dəfn üçün birdəfəlik müavinətin əhatə dairəsinin genişləndirilməsi məsələsinə də toxunub.

Deputat bildirib ki, mövcud qanunvericiliyə əsasən, dəfn üçün birdəfəlik müavinət müəyyən kateqoriyalara aid şəxslər vəfat etdikdə ödənilir. Lakin pensiya və müvafiq sosial müavinət almayan, sosial sığorta sisteminin əhatə etmədiyi vətəndaşların vəfatı zamanı onların ailələri bu dəstəkdən yararlana bilmirlər.

Onun sözlərinə görə, yaxınını itirən ailələr mənəvi itki ilə yanaşı, dəfn xərcləri səbəbindən də ciddi maddi çətinliklə üzləşirlər. Xüsusilə aztəminatlı ailələrin belə hallarda sosial dəstəyə ehtiyacı daha çox olur.

“Bu baxımdan, dəfn üçün birdəfəlik müavinətin əhatə dairəsinin genişləndirilməsi, mövcud sosial təminat mexanizmlərindən kənarda qalan aztəminatlı ailələrin də bu dəstəkdən yararlanması imkanlarının nəzərdən keçirilməsini vacib hesab edirəm”, – deyə deputat vurğulayıb.

G.Ağamalı aidiyyəti qurumlar tərəfindən məsələnin hüquqi və maliyyə imkanlarının araşdırılmasını, dövlət büdcəsinin imkanları çərçivəsində müvafiq təkliflərin nəzərdən keçirilməsini faydalı hesab etdiyini bildirib.