Bakı, 17 noyabr, AZƏRTAC Qahirədə fəaliyyət göstərən Misir-Azərbaycan Dostluq Cəmiyyətində Misirdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.Cəmiyyətdən AZƏRTAC-a bildiriblər ki, Misirdəki Azərbaycan diasporunun rəhbəri, Misir-Azərbaycan Dostluq Cəmiyyəti İdarə Heyətinin sədri, Dünya Azərbaycanlı Alimlər Birliyinin həmsədri tədqiqatçı-alim Seymur Nəsirov Dostluq Cəmiyyətinin fəaliyyəti, eləcə də iki ölkə arasında tarixi, mədəni, elmi əlaqələr barədə tələbələrə məlumat verib.O, Misirdə Azərbaycanın təbliğinin yolları haqqında tövsiyələr verib, tələbələri maraqlandıran sualları cavablandırıb.Qeyd olunub ki, tələbələrin istəyi ilə onlar üçün diaspor mərkəzində ərəb dili kursları təşkil olunub. Həmçinin bildirilib ki, tələbələrin yerləşməsinə, sənədlərinin qaydaya salınmasına və təhsillərinə lazım olan köməklik göstərilir.Azərbaycanlı tələbələr təhsillərini Misirin Bakıdakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin təqdim etdiyi təqaüd proqramı çərçivəsində davam etdirirlər.Qeyd edək ki, hazırda Cəmiyyətin nəzdində fəaliyyət göstərən müxtəlif kurslarda 61 ölkədən 670-dən çox tələbə ödənişsiz əsaslarla təhsil alır. Tədris proqramına Azərbaycan dili ilə yanaşı, xəttatlıq, ərəb dili və ədəbiyyatı, “Qurani-Kərim”in qiraəti, xalçaçılıq, muğam sənəti və digər istiqamətlər daxildir.