Prezidentin köməkçisi konstruktiv müzakirələr aparıb
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Avropa İttifaqının (Aİ) yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirib. Bu barədə H.Hacıyev “X” sosial media platformasında paylaşım edib.
O, Avropa Komissiyasının Genişlənmə və Şərq Qonşuluğu üzrə Baş Direktorluğunun (DG ENEST) baş direktoru Gert-Jan Kupman, Avropa Şurasının xarici siyasət üzrə prezidentinin baş məsləhətçisi Anne-Maria Bura və Avropa Komissiyası prezidentinin baş diplomatik məsləhətçisi Saymon Mordue ilə konstruktiv müzakirələrin aparıldığını bildirib.
Görüşlərdə strateji prioritetlər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
H.Hacıyevin sözlərinə görə, Azərbaycanla Avropa İttifaqı arasında praktik təşəbbüslər və konkret nəticələr əsasında tərəfdaşlığın daha da gücləndirilməsi yolları müzakirə edilib.
Danışıqlar zamanı nəqliyyat və kommunikasiya əlaqələrinə, eləcə də enerji təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirilib.