Erməni jurnalist və bloger Roman Baqdasaryan Qarabağda keçmiş separatçı rejimin rəhbəri Araik Arutyunyanın Rusiyanın Krasnodar şəhərində yerləşən biznes obyekti barədə yeni məlumatlar yayımlayıb.
Bu barədə o, Facebook səhifəsində yazıb.
Qeyd edib ki, Arutyunyan 2020-ci il oktyabrın 15-də Krasnodarda MASK PALACE adlı restoran-mehmanxana kompleksini öz adına deyil, saxta şəxslərin adına rəsmiləşdirib.
Onun sözlərinə görə, Sormovskaya küçəsi, 2-ci bina, 7-ci korpus ünvanında yerləşən kompleksin tikintisi 2021-ci ilin may ayına qədər davam edib və əraziyə yay terrası da əlavə olunub.
Baqdasaryan kompleksin 330-350 nəfərlik banket zalı, restoranı, 25 otaqlı mehmanxanası, yay terrası və 50 avtomobillik dayanacağının olduğunu bildirib. Obyektin ümumi tikili sahəsinin təxminən 2-2,5 min kvadratmetr olduğunu qeyd edib.
Jurnalistin sözlərinə görə, kompleksin bazar dəyəri 2,5-5 milyon dollar arasında dəyişir, Arutyunyan isə obyektə ümumilikdə təxminən 2 milyon dollar xərcləyib.
Baqdasaryan əlavə edib ki, Arutyunyan Krasnodardakı erməni din xadimləri ilə razılaşaraq toy mərasimlərinin bu kompleksdə keçirilməsinə razılıq verib.
Erməni jurnalist keçmiş separatçı rəhbərin Rusiya, Avropa, Birləşmiş Ərəb Əmirlikləri və Ermənistandakı ümumi sərvətinin 350-400 milyon dollar olduğunu da irəli sürüb. O, Arutyunyanın Ermənistanda hakimiyyət strukturlarında, diplomatik korpusda və biznes dairələrində güclü əlaqələrinin olduğunu vurğulayıb.
Xatırladaq ki, Araik Arutyunyan ömürlük həbs cəzasına məhkum edilib və cəzasını Bakıda çəkir.
Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmü 6 avqust 2026-cı ildə Bakı Apellyasiya Məhkəməsi tərəfindən qüvvədə saxlanılıb.