Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən Quba rayonunda beynəlxalq təcrübəyə əsaslanan "Müasir bağçılıq sistemləri: seleksiya, calaqaltı-sort kombinasiyaları və sertifikatlı ting istehsalı" mövzusunda üçgünlük bilik və təcrübə mübadiləsi proqramının icrasına başlanılıb.
"Report"un Şimal bürosunun məlumatına görə, proqramın əsas məqsədi meyvəçilik və tingçilik sahəsində müasir texnologiyaların tətbiqini təşviq etmək, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda müəyyən edilmiş prioritetlərin və hədəflərin həyata keçirilməsinə dəstək göstərməkdir.
Eyni zamanda, proqramın başlıca hədəflərindən biri də bu istiqamətdə nəzərdə tutulan tədbirlərin təşviqi və icrasına töhfə vermək, beynəlxalq təcrübənin yerli mütəxəssislər və fermerlər arasında yayılmasını təmin etmək, eləcə də sertifikatlı ting istehsalının genişləndirilməsi və intensiv bağçılığın inkişafına nail olmaqdır.
Tədbirin açılış mərasimində çıxış edən Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev müasir bağçılığın inkişafında keyfiyyətli və sertifikatlı ting istehsalının, düzgün sort və calaqaltı seçiminin, eləcə də elmi yanaşmaların istehsalata tətbiqinin mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda tingçilik sahəsinin inkişafı, keyfiyyətə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi və aqrar innovasiyaların təşviqi əsas prioritetlər kimi müəyyən edilib.
S.Hacıyev, həmçinin fermerlərin bilik və bacarıqlarının artırılmasında Aqrar Təlim Mərkəzinin rolunu qeyd edərək, cari il ərzində Mərkəz tərəfindən 1251 təlimin keçirildiyini və bu təlimlərdə 25 minə yaxın fermerin iştirak etdiyini bildirib. O, müasir bağçılığın davamlı inkişafı üçün dövlət qurumları, elmi müəssisələr, özəl sektor və fermerlər arasında əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Quba rayon icra hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, kənd təsərrüfatı nazirinin müşaviri Ramil Əzməmmədov və Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Pərviz Yusifov çıxış edərək aqrar sektorun ölkə iqtisadiyyatında strateji əhəmiyyətindən, regionların sosial-iqtisadi inkişafında kənd təsərrüfatının rolundan və Quba rayonunun meyvəçilik sahəsindəki potensialından bəhs ediblər.
Tədbirin davamında Aqrar Xidmətlər Agentliyinin Dövlət Toxum Nəzarəti və Qeydiyyatı şöbəsinin müdiri Fikrət Feyziyev "Bitkiçilik və tingçilik sahələrinin inkişafı: Dövlət Proqramının prioritetləri və hədəfləri" mövzusunda təqdimatla çıxış edib.
Təqdimatda bitkiçilik və tingçilik sahələrinin inkişaf istiqamətləri, dövlət dəstəyinin prioritetləri, qarşıya qoyulan hədəflər və müasir tingçilik təsərrüfatlarının formalaşdırılmasının əhəmiyyəti barədə məlumat verilib.
Proqram çərçivəsində beynəlxalq ekspert Serkan Şimşek və sahə üzrə mütəxəssis Vüqar Bəşirov tərəfindən müasir meyvə tingliklərinin yaradılması, sertifikatlı ting istehsalı, sağlam və məhsuldar bağların salınması, eləcə də meyvəçiliyin inkişafında calaqaltı-sort kombinasiyalarının rolu mövzularında nəzəri və praktiki sessiyalar keçirilib. Təlimlərdə beynəlxalq təcrübə əsasında düzgün sort və calaqaltı seçimi, keyfiyyətli əkin materialından istifadə, müasir aqrotexniki yanaşmalar və məhsuldarlığın artırılması istiqamətində iştirakçılara ətraflı məlumat və praktiki biliklər verilib.
Üç gün davam edəcək tədbir çərçivəsində əldə olunan bilik və təcrübənin daha geniş auditoriyaya çatdırılması, eləcə də iştirakçıların təlimçilik bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Təlimçilər üçün Təlim (Training of Trainers – ToT) proqramı da təşkil olunacaq.
Proqramın son günündə isə iştirakçılar Xaçmaz rayonunda yerləşən nümunəvi tingçilik təsərrüfatına səfər edərək praktiki məşğələlərə cəlb olunacaqlar.