Böyük Britaniya əldə olunmuş nəticələrin inkişafını davam etdirmək və Azərbaycanla müdafiə sahəsində əməkdaşlığı, o cümlədən Britaniya təcrübəsinə əsaslanan və ölkənin öz potensialını gücləndirməyə yönəlmiş tədris proqramları və yeni təşəbbüslər hesabına genişləndirmək niyyətindədir.
Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Dankan Norman mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində Britaniyanın dəyərli tərəfdaşıdır: "Lord Koakerin (müdafiə məsələləri üzrə dövlət nazirinin - red.) Azərbaycana sentyabr ayındakı səfəri bu tərəfdaşlığı nə dərəcədə yüksək qiymətləndirdiyimizi bir daha göstərib. Bu il müdafiə sahəsində kibertəhlükəsizlik üzrə Britaniya və Azərbaycanın ilk birgə təlimləri keçirilib, hərbi hazırlıq sahəsində iki ölkənin qarşılıqlı fəaliyyət səviyyəsi isə görünməmiş səviyyəyə çatdı. Britaniya hərbi mütəxəssisləri Azərbaycanda təlimlər keçdi, eyni zamanda azərbaycanlı zabitlər Böyük Britaniyada Britaniya ordusu və Kral Hərbi Dəniz Donanmasının nümayəndələri ilə birlikdə hazırlıq keçirlər".
O vurğulayıb ki, kibertəhlükəsizlik, əməliyyat imkanları və müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi iki ölkə arasında bugünkü günə qədər olan ən iddialı ikitərəfli müdafiə əməkdaşlığı proqramıdır.
"Biz tədris proqramları və Britaniya təcrübəsinə əsaslanan, eyni zamanda Azərbaycanın öz potensialını gücləndirməyə yönəlmiş yeni imkanlar vasitəsilə müdafiə sahəsində əməkdaşlığı dərinləşdirərək əldə olunmuş nəticələri inkişaf etdirmək niyyətindəyik", - D.Norman bildirib.
Səfir həmçinin vurğulayıb ki, iki ölkənin təhlükəsizlik sahəsindəki əməkdaşlığı müdafiə sahəsi ilə məhdudlaşmır: "Xüsusilə, Britaniya narkotiklərin qanunsuz dövriyyəsi, qeyri-qanuni miqrasiya və kibercinayətkarlıq da daxil olmaqla, ağır cinayətlər və mütəşəkkil cinayətkarlıqla mübarizədə Azərbaycanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət göstərir".