Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycan üçün investisiya mənbələrinin və beynəlxalq biznes əlaqələrinin diversifikasiyası baxımından əhəmiyyətlidir
Qlobal iqtisadi münasibətlərin sürətlə dəyişdiyi müasir dövrdə dövlətlər arasında iqtisadi əməkdaşlığın şaxələndirilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə bu baxımdan yeni imkanların formalaşmasına xidmət edən mühüm sənəddir. Bəyannamədə ticarət və investisiya əlaqələrinin genişləndirilməsi ikitərəfli münasibətlərin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilir.
Bu yanaşma Azərbaycanın qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın şaxələndirilməsi strategiyası ilə uzlaşır. Sənəddə davamlı, inklüziv və şaxələndirilmiş iqtisadi artımın təşviqinə xüsusi diqqət yetirilməsi tərəfdaşlığın uzunmüddətli iqtisadi hədəflərə istiqamətləndirildiyini göstərir. Böyük Britaniya ilə iqtisadi əlaqələrin genişləndirilməsi Azərbaycan üçün investisiya mənbələrinin və beynəlxalq biznes əlaqələrinin diversifikasiyası baxımından əhəmiyyətlidir. Xüsusilə infrastruktur, xidmətlər və bərpaolunan enerji sahələrində uzunmüddətli kommersiya tərəfdaşlıqlarının inkişaf etdirilməsi perspektivləri diqqətəlayiqdir. Bu əməkdaşlıq çərçivəsində bilik və təcrübə mübadiləsinin genişləndirilməsi yerli müəssisələrin rəqabət qabiliyyətinin artırılmasına kömək edə bilər. Bizneslərarası əlaqələrin təşviqi yeni iş yerlərinin yaradılması və peşəkar bacarıqların inkişafı üçün əlverişli şərait formalaşdırır. Kiçik və orta biznes subyektlərinin iqtisadi əməkdaşlığa cəlb edilməsi isə iqtisadi artımın daha geniş sosial təbəqələri əhatə etməsinə imkan yaradır. Bəyannamədə Orta Dəhlizin inkişafına dəstəyin ayrıca vurğulanması Azərbaycanın regional iqtisadi və logistika mərkəzi kimi mövqeyinin gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Şərq ilə Qərb arasında nəqliyyat və ticarət əlaqələrinin genişləndirilməsi ölkəmizin tranzit potensialından daha səmərəli istifadə etməyə imkan verə bilər. Nəqliyyat, logistika və infrastruktur layihələri üzrə əməkdaşlıq regional bağlantıların möhkəmləndirilməsinə də töhfə verəcək. Bu istiqamətdə beynəlxalq tərəfdaşların iştirakı Azərbaycanın iqtisadi imkanlarının genişləndirilməsi üçün əlavə perspektivlər yaradır. Maliyyə və kapital bazarları sahəsində əməkdaşlığın dərinləşdirilməsi də sənədin diqqətçəkən müddəalarındandır.
Maliyyə sektorunda şəffaflığın və institusional dayanıqlığın gücləndirilməsi investisiya mühitinin daha da təkmilləşdirilməsinə xidmət edə bilər. Yaşıl maliyyələşdirmə mexanizmlərinin inkişafı ekoloji cəhətdən dayanıqlı iqtisadi layihələrin maliyyələşdirilməsinə şərait yaradacaq. Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın əsas platforma kimi müəyyənləşdirilməsi isə razılaşdırılmış təşəbbüslərin praktiki icrasına institusional dəstək verir. Beləliklə, Azərbaycan–Böyük Britaniya iqtisadi tərəfdaşlığının dərinləşdirilməsi ölkəmizin investisiya cəlbediciliyinin artırılması, qeyri-neft sektorunun inkişafı və beynəlxalq iqtisadi mövqelərinin möhkəmləndirilməsi baxımından mühüm perspektivlər açır.