Azərbaycan və Pakistan regional, iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi, o cümlədən Naxçıvan və Lahor qardaş-şəhərləri arasında tərəfdaşlıq çərçivəsində əlaqələrin inkişafı məsələlərini müzakirə ediblər.
Bu barədə Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Noyabrın 16-da səfir Naxçıvanda Azərbaycan Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilovla görüşüb.
Görüşdə iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsi yolları müzakirə olunub, rəsmi şəxslərin qarşılıqlı səfərləri və qardaşlaşmış şəhərlər tərəfdaşlığı çərçivəsində təşəbbüslərin həyata keçirilməsi vasitəsilə Naxçıvan və Lahor arasında əlaqələrin inkişafının əhəmiyyəti vurğulanıb.
Mohiuddin iki şəhər və müvafiq bölgələr arasında təmasların genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, bunun ikitərəfli əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından böyük potensiala malik olduğunu bildirib.
Danışıqlar zamanı Naxçıvanın iqtisadi potensialı, Orta Dəhliz çərçivəsində nəqliyyat əlaqələrinin inkişafında strateji mövqeyi, bərpaolunan enerji sahəsində imkanları və xarici investisiyaların cəlb edilməsi perspektivləri nəzərdən keçirilib.
Kənd təsərrüfatı da əməkdaşlığın əsas istiqamətlərindən biri kimi qeyd olunub. Bu çərçivədə Naxçıvan Dövlət Universitetinin nəzdində Pakistanın müvafiq qurumu ilə tərəfdaşlıq əsasında Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzinin yaradılması təklifi müzakirə edilib.
Tərəflər akademik əməkdaşlığın genişləndirilməsi imkanlarını da nəzərdən keçiriblər. Qeyd olunub ki, Naxçıvan Dövlət Universitetində Pakistan vətəndaşları da daxil olmaqla, təxminən 2 min əcnəbi tələbə təhsil alır. Görüş iştirakçıları universitetlə Pakistanın aparıcı ali təhsil müəssisələri arasında əlaqələrin möhkəmləndirilməsi perspektivlərini vurğulayıblar.
Bundan əlavə, mədəni mübadilə məsələləri və hər iki ölkənin tarixi-mədəni irsinin təbliği imkanları müzakirə olunub.
Mohiuddin səfərinin məqsədinin Naxçıvanın sosial-iqtisadi potensialı, tarixi və mədəni mühiti ilə daha yaxından tanış olmaq, yerli rəsmi şəxslərlə fikir mübadiləsi aparmaq və gələcək əməkdaşlığın mümkün istiqamətlərini müəyyənləşdirmək olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycan və Pakistan arasında diplomatik münasibətlər 1992-ci il iyunun 9-da qurulub. Həmin vaxtdan etibarən iki ölkə arasında tərəfdaşlıq siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat, müdafiə, təhsil və humanitar sahələri əhatə etməklə genişlənib.
Azərbaycan Prezidenti İlham Əliyevin 2024-cü ilin iyulunda Pakistana dövlət səfəri çərçivəsində tərəflər, o cümlədən preferensial və tranzit ticarət sahələrini əhatə edən bir sıra ikitərəfli sazişlər imzalayıblar.