Avstriya Azərbaycanlıları Koordinasiya Şurasına yeni koordinator seçildi

Avstriya Azərbaycanlıları Koordinasiya Şurasına yeni koordinator seçilib.

Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsinin sədri Fuad Muradov Avropaya səfəri çərçivəsində Avstriyanın paytaxtı Vyanada azərbaycanlılarla görüşüb və Avstriya Azərbaycanlıları Koordinasiya Şurasının iclası baş tutub.

Görüşdə Avstriyada yaşayan azərbaycanlıların ictimai fəallığının artırılması məsələləri müzakirə olunub. Müzakirələrin nəticəsi olaraq Linz şəhərində yaşayan, istedadlı pianoçu və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli Avstriya Azərbaycanlıları Koordinasiya Şurasının koordinatoru seçilib.

Görüş geniş fikir mübadiləsi ilə davam edib və iştirakçılar qarşıda duran vəzifələrə dair təkliflərini səsləndirərək Azərbaycan diasporunun daha mütəşəkkil fəaliyyət göstərməsi üçün birgə əməkdaşlığın vacibliyini vurğulayıblar.