Monqolustan Prezidenti istefa verib

Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux bu gün, 17 noyabrda rəsmi olaraq istefa verdiyini açıqlayıb.

Monqolustan milli MONTSAME xəbər agentliyinə istinadən, o, bu barədə brifinqdə bildirib.

"Hamınızın bildiyi kimi, son bir ay ərzində müəyyən cinayətkar qruplar Monqolustan Prezidentinin şərəfinə və vəzifəsinə ağılsızcasına hücum edərək, onun nüfuzuna xələl gətiriblər. Mənə inanılmaz və son dərəcə ağır bir cinayətlə bağlı böhtan atılıb və təhqir olunmuşam.

Mən bir müddət susdum və vəziyyəti müşahidə etdim. Lakin məsuliyyətli vəzifə tutan şəxs kimi bu gün bu açıqlamanı vermək qərarına gəldim. Hər kəs qanun qarşısında bərabərdir. Dünən Demokrat Partiyasından bir qrup Monqolustan Prezidentinin istefa verməli və araşdırma aparmalı olduğu mövqeyini bildirdi. Mən bununla razıyam", - o deyib.

Monqolustan Konstitusiyasına görə, prezidentin istefası, vəzifədən kənarlaşdırılması və ya ölümü halında parlament onun səlahiyyətlərinə xitam vermək qərarına gəlir. Yeni dövlət başçısı seçilənə qədər parlamentin sədri onun vəzifələrini icra edir. Növbədənkənar prezident seçkiləri dörd ay ərzində keçirilməlidir.