Vens: ABŞ genişmiqyaslı elektrik kəsintilərinə hazırlaşır

ABŞ hakimiyyəti ölkədə mümkün genişmiqyaslı elektrik enerjisi kəsintilərinə qarşı hazırlıq tədbirləri həyata keçirir.

Bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens “Fox News” telekanalına müsahibəsində bildirib.

Vitse-prezident ölkədə yaxınlaşan enerji böhranının əlamətlərinin müşahidə olunmadığını, lakin bütün mümkün ssenarilərə hazır olmağın vacibliyini vurğulayıb.

“Biz böhranın yaxınlaşdığını göstərən heç bir əlamət görmürük, amma hər şeyə hazır olmalıyıq. Ən pis ssenarinin qarşısını almaq və eyni zamanda ona hazırlaşmaq istəyirik”, – Vens deyib.

O bildirib ki, Prezident Donald Tramp administrasiyası mümkün böhran vəziyyətlərinə hazırlıq məqsədilə investisiyalar yatırır.

“Bu, böhranın tezliklə baş verəcəyi demək deyil. Sadəcə, hökumətin belə vəziyyətlərə hazır olduğunu göstərir”, – vitse-prezident əlavə edib.

Qeyd edək ki, oktyabrın sonunda “Fox News” Pentaqonun ABŞ ərazisindəki hərbi bazaları ciddi böhran və elektrik şəbəkələrinin sıradan çıxması halında ən azı 90 gün avtonom fəaliyyət göstərə biləcək vəziyyətə gətirməyə hazırlaşdığını bildirmişdi.