Ağızda acı dad, qida borusunda yanma və dilin üzərində sarı ərpin yaranması həzm sistemi problemlərinin əlaməti ola bilər. Həkimlər bu halları ödün onikibarmaq bağırsaqdan mədəyə, oradan isə qida borusuna geri qayıtması ilə əlaqələndirirlər. Buna öd reflüksü deyilir.
Mütəxəssislərin sözlərinə görə, bu vəziyyət mədə ilə qida borusu arasındakı sfinkterin düzgün işləməməsi və ya diafraqmanın qida borusu dəliyinin yırtığı nəticəsində yarana bilər. Uzunmüddətli reflüks qida borusunun iltihabına, xroniki laringitə, diş minasının zədələnməsinə, ağız qoxusuna və ürəkbulanmaya səbəb ola bilər.
Müalicə olunmayan davamlı reflüks bəzi hallarda Barrett qida borusu kimi ciddi fəsadlara yol aça bilər. Bu vəziyyət qida borusu xərçəngi riskini artırır. Bununla belə, ağızda acılıq hər zaman öd reflüksünün göstəricisi deyil. Əlamətlər davamlı olarsa, səbəbin müəyyənləşdirilməsi üçün həkimə müraciət etmək tövsiyə olunur.