Bəhreyn Daxili İşlər Nazirliyi noyabrın 15-də səhər saatlarında İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) krallıq ərazisinə PUA-larla zərbə endirdiyi barədə bəyanatından sonra mümkün təhlükə ilə bağlı iki dəfə xəbərdarlıq yayıb.
Xəbərdarlıq Bəhreyn Daxili İşlər Nazirliyinin X-dakı səhifəsində yer alıb.
“Potensial təhlükə barədə xəbərdarlıq. Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə vətəndaşları və ölkədə yaşayan şəxsləri sakitliyi qorumağa, ən yaxın təhlükəsiz yerə getməyə və rəsmi kanallar vasitəsilə xəbərləri izləməyə çağırır”, - deyə bəyanatda bildirilib.
İlk xəbərdarlıq səhər tezdən verilib, bir neçə saat sonra isə nazirlik eyni məzmunlu daha bir məlumat yayıb. Krallığın Daxili İşlər Nazirliyi təhlükənin xarakterini açıqlamayıb.
Xatırladaq ki, bundan əvvəl İran İslam İnqilabı Keşikçiləri Korpusu Bəhreyndəki Əl-Rifaa helikopter bazasında yerləşən ABŞ radar stansiyasına altı PUA ilə hücum etdiyini açıqlayıb. SEPAH-ın bəyanatında bu zərbənin ABŞ hərbçilərinin hərəkətlərinə “qətiyyətli və sarsıdıcı cavabın ikinci mərhələsi” olduğu qeyd edilib.
***
saat 09.16
İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreynin Əl-Rifaa helikopter bazasında ABŞ-ın hava hücumundan müdafiə sisteminin radarına altı pilotsuz uçuş aparatı (PU)A ilə zərbə endirildiyini bəyan edib.
Bu barədə SEPAH-ın İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.
SEPAH bir daha bəyan edib ki, Hörmüz boğazı bağlıdır.