Bu ilin doqquz ayında inflyasiyaya daxili və xarici amillər təsir edib, təhlillər növbəti ildə ortaillik inflyasiyanın proqnozlaşdırılan göstərici ətrafında olacağını deməyə əsas verib.
ONN media xəbər verir ki, sözügedən məsələ Hesablama Palatasının 2027-ci il dövlət büdcəsinə verdiyi rəydə əksini tapıb.
Palata Dövlət Statistika Komitəsinin (DSK) məlumatlara əsasən bildirir ki, 2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə istehlak qiymətləri indeksi orta illik ifadədə 5,7% artıb. Sentyabrda illik inflyasiya 5,5%, aylıq inflyasiya isə 0,9% təşkil edib.
Müvafiq dövrdə qiymət artımı əsasən qida məhsulları və ödənişli xidmətlər üzrə müşahidə olunub.
Təhlillər cari ilin doqquz ayında inflyasiya təzyiqlərinin həm xarici, həm də daxili amillərlə bağlı olduğunu göstərir.
Əsas ticarət tərəfdaşlarında qiymət bahalaşması davam etmiş, bu da ölkədaxili qiymət artımına öz təsirini ötürmüşdür. Belə ki, idxal məhsulları üzrə qiymət indeksi yanvar-avqust ayları üzrə orta illik ifadədə 26.8% (ötən il üzrə analoji göstərici 24.8%) artıb.
Manatın nominal effektiv məzənnəsi indeksinin hesabat dövrünün I yarısında ucuzlaşması idxal inflyasiyasına bu faktorun azaldıcı təsirini aradan qaldırıb. Növbəti aylarda nominal effektiv məzənnə indeksinin ucuzlaşması möhkəmlənmə ilə əvəzlənib. Bəzi ticarət tərəfdaşları üzrə valyutaların baxılan dövr ərzində volatillik nümayiş etdirməsi (məsələn, avro, rubl və s.) nominal effektiv məzənnə indeksinin dinamikasına təsir edib.
Cari ilin 9 ayında sənaye məhsullarının istehsalçı qiymət indeksi 24.7% artıb. Sənaye məhsullarının istehsalçı qiymətlərindəki artım həm neft-qaz, həm də qeyri neft-qaz sənayesi üzrə izlənib.
Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymət indeksi 3.8%, nəqliyyat və anbar təsərrüfatı xidmətlərinin qiymətləri isə 5.1% artıb.
Məlumatlara əsasən, cari ildə inflyasiyanın ilkin proqnozdan 0.9 faiz bəndi çox olmaqla 5.7% gözlənilir. Hesablama Palatası təhlillərlə inflyasiyanın gözlənilən rəqəmdən az olmayacağı qənaətindədir.