Gecə saatlarında Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verən qəzada xəsarət alanların vəziyyəti məlum olub.
Naxçıvan Muxtar Respublika Xəstəxanasından APA-nın sorğusuna cavab olaraq bildirilib ki, qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu reanimasiya şöbəsinə yerləşdirilib. 1990-cı il təvəllüdlü, Naxçıvan MR Ali Məclisinin deputatı Zeynalov Təbriz Eyvaz oğlunun müalicəsi isə neyrocərrahiyə şöbəsində aparılır. Xəsarət alan hər iki şəxsin vəziyyətinin stabil, orta-ağır olduğu bildirilir.
Qeyd edək ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qəzaya düşənlərin hər üçü qazidir.
***
Naxçıvanda deputat qəzaya düşüb, ölən var.
Hadisə Naxçıvan-Ordubad magistral yolunda, Aşağı Əylis kəndi yaxınlığında baş verib. Belə ki, "Hyundai" markalı avtomobilin aşması nəticəsində qazi 1990-cı il təvəllüdlü Hüseynalı Hüseynəliyev həyatını itirib. Müxtəlif bədən xəsarətləri alan 1994-cü il təvəllüdlü Məmmədov Əmrah İmamverdi oğlu və 1990-cı il təvəllüdlü Zeynalov Təbriz Eyvaz oğlu Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Təbriz Zeynalov Naxçıvan MR Ali Məclisinin deputatıdır. Qəzaya düşənlərin hər üçü qazidir.