ABŞ Rusiya ilə Ukrayna arasında daha bir məsələyə dəstək verəcək

ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Uitkoff və Cared Kuşner Ukrayna ilə Rusiya arasında müharibənin başlanmasından bəri ən böyük əsir mübadiləsinin hazırlanması üzərində işə başlayıblar.

Bu barədə Ağ Evin mətbuat katibinin müavini Anna Kelli “X” sosial şəbəkəsində məlumat verib.

O qeyd edib ki, Trampın tapşırığı ilə Kuşner və Uitkoff Rusiya-Ukrayna münaqişəsinə son qoymaq məqsədilə hər iki tərəflə genişmiqyaslı iş aparıblar. Xüsusilə, bu həftə Əbu-Dabidə üçtərəfli danışıqların ikinci raundu keçirilib. Bu görüş tarixi hadisə kimi qiymətləndirilib. Bundan əlavə, Trampın nümayəndələri Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putinlə görüşlər keçiriblər.

“Avropalı tərəfdaşların növbəti müzakirələrdə iştirakını təmin etmişik. Həmçinin müharibə dövründə ən böyük əsir mübadiləsinin hazırlanmasına başlanılıb”, – deyə məlumatda bildirilib.

Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl qeyd etmişdi ki, Əbu-Dabidə keçirilən üçtərəfli danışıqlar çərçivəsində böyükmiqyaslı hərbi əsir mübadiləsi ilə bağlı razılıq əldə etməyə çalışırlar. Söhbət 1 000 nəfərin 1 000 nəfərə və ya 1 500 nəfərin 1 500 nəfərə dəyişdirilməsindən gedir.

Cared Kuşnerin sözlərinə görə, danışıqların növbəti raundu artıq gələn həftə keçirilə bilər.