Təhsil sektorunda müəllimlərin əməkhaqlarının tənzimlənməsi və sertifikasiya prosesinin nəticələri ilə bağlı müzakirələr davam edir.
Mövzu ilə bağlı təhsil eksperti Məzahir Məmmədli Modern.az-a açıqlamasında qeyd edib ki, müəllimlərin əməkhaqlarının artırılması yalnız sertifikasiya imtahanlarının nəticəsinə bağlı olmamalıdır. Onun sözlərinə görə, müəllimləri bir neçə qrupa bölmək və hər biri üçün ayrı stimullaşdırıcı istiqamətdə əməkhaqqı düşünmək lazımdır.
"Bəzilərinin biliyinə, bacarığına, yetişdirdiyi şagirdlərə görə, digərlərinin isə ucqar yerlərdə işləmələrinə görə qiymətləndirilmə və stimullaşdırma təklifləri olmalıdır. Gənc müəllimlər üçün H1 və H2 paketləri qüvvədə olsa da, bütün hallarda müəllimlərin əməkhaqlarının mərhələli şəkildə artırılması məsələsi bir qədər də təkmilləşməlidir.
Sertifikasiya imtahanından nəticə göstərən müəllimlərin əməkhaqlarına minimum keçid balını toplayanlar üçün 10%, 51 baldan yuxarı nəticə göstərənlər üçün isə 35% əlavə olunur. Lakin bu durum müəllimlər arasında müəyyən narazılıq yaradır, çünki nəticədə birdən-birə 30-40% aralığında böyük bir fərq ortaya çıxır. Milli Məclisin Elm və Təhsil Komitəsində məsələnin müzakirəsi zamanı deputat Ceyhun Məmmədov da bunun ədalətsiz yanaşma olduğunu bildirmişdi. Onun təklifinə əsasən, əməkhaqlarına əlavələr hər 10-15 baldan bir 1% artım prinsipi ilə tətbiq edilməlidir".
Məzahir Məmmədli əlavə edib ki, baza hissəsində artım olmaması və artımların yalnız sertifikasiya nəticələrinə bağlanması müəyyən çətinliklər yaradır. 2027-ci ildən yeni sertifikasiya dalğasının gəldiyini xatırladan ekspert bildirib ki, demək olar ki, bütün müəllimlər artıq sertifikasiyaya cəlb olunublar.
"Sertifikasiya prosesinə ilkin olaraq 104 minə yaxın müəllim cəlb olunmuşdu ki, bunlardan 90 mindən çoxu müvafiq nəticə göstərmişdi. Lakin təəssüflər olsun ki, bu mərhələdə sertifikasiyadan kənarda qalan müəllimlər də oldu. Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə həmin müəllimlərin əksəriyyətinin digər texniki sahələrə işə cəlb olunduöuna dair açıqlama verdi.
Cəmiyyət müəllimlərin işdən kənarlaşdırılmasını birmənalı olaraq yaxşı qarşılamır, lakin digər tərəfdən, hər bir valideyn övladına peşəkar müəllimin dərs keçməsini arzulayır.
Bu gün həm Azərbaycanda, həm də dünyada müəllim olmaq çətinləşib. Xüsusilə ölkəmizdə MİQ və sertifikasiya imtahanları ilə bağlı tələb və şərtlər tamamilə dəyişib. Artıq təkcə ixtisasını yaxşı bilmək kifayət deyil, müəllim dünyəvi biliklərə sahib olmalı və gedən siyasi proseslərə adekvat baxış sərgiləməlidir. Bütün bunlar onların dünyagörüşü yoxlanılarkən öyrənilir.
Hesab edirəm ki, azalan müəllim ordusunun fonunda keyfiyyət göstəriciləri yüksəlir və bu, müəyyən mənada kompensasiya olunur. Lakin heç olmasa həmin ixtisara düşən müəllimlərin hesabına qənaət olunan vəsaitlər digər müəllimlərin əməkhaqlarının artırılmasına yönəldilməlidir".