Bir vaxtlar oğlanlar ona oxşamaq istəyirdi - Cimi indi necə yaşayır?” - FOTOLAR

Kino tarixinə damğasını vuran ekran əsərlərindən biri də Hindistan istehsalı olan “Disko rəqqası” filmidir. Bu filmdə səslənən musiqilər, xüsusilə də “Cimmi, Cimmi, aaca, aaca” mahnısı bir neçə nəslin yaddaşında silinməz iz qoyub. Bir zamanlar bu mahnını eşidən kimi rəqs etməyə başlayan milyonlarla insan vardı. “Disko rəqqası” tamaşaçıların yaddaşında özünəməxsus yer tutdu, filmin baş qəhrəmanı Cimi isə aktyor Mitxun Çakrobortini dünya şöhrətinə qovuşdurdu.

Modern.az-ın “Məşhur filmin unudulmaz qəhrəmanı” rubrikasında növbəti yazını təqdim edirik.

1982-ci ildə Hindistanda ekranlara çıxan “Disko rəqqası” filmi qısa müddətdə ölkə sərhədlərini aşaraq beynəlxalq tamaşaçı kütləsinin sevimlisinə çevrildi.

Rejissor Babbar Subhaşın çəkdiyi ekran əsərində Mitxun Çakroborti küçə musiqiçisini canlandırır. O, sonradan Cimi adı ilə tanınan məşhur diskoteka ifaçısına çevrilir. Kasıb ailədən çıxan gəncin şöhrətə gedən yolu, yaşadığı çətinliklər, anasına bağlılığı, düşmənləri ilə mübarizəsi və musiqi sevgisi filmin əsas süjet xəttini təşkil edir.

Filmin musiqiləri, rəqs səhnələri, rəngarəng geyimləri və baş qəhrəmanın özünəməxsus xarizması onu dövrünün fenomeninə çevirmişdi.

Cimi dünyanı necə fəth etdi?

Filmin mahnıları baş qəhrəman Cimi qədər məşhur idi. Mitxunun rəqs hərəkətləri də filmin uğurunda mühüm rol oynamışdı. Maraqlıdır ki, aktyor əvvəlcə bu filmin belə böyük uğur qazanacağını düşünməyib. Sonralar müsahibələrinin birində bu ekran əsərinin onun həyatını dəyişdirdiyini deyib. Aktyorun sözlərinə görə, film gənclər arasında əsl çılğınlıq yaratmış, birdən-birə hamı onu yaraşıqlı və cazibədar aktyor kimi görməyə başlamışdı.

“Disko rəqqası”nın uğuru haqqında danışarkən onun sovet məkanındakı populyarlığını xüsusi qeyd etmək lazımdır.

Film 1984-cü ildə SSRİ-də geniş prokata çıxarıldı və görünməmiş maraqla qarşılandı. Hindistan mətbuatında yayılan məlumatlara əsasən, ekran əsəri Sovet İttifaqında təxminən 120 milyon bilet satışı ilə yadda qalıb. Bu rəqəm təkrar nümayişləri də əhatə edən hesablamadır. İlk prokat dövrü üçün isə təxminən 60,9 milyon tamaşaçı göstəricisi qeyd olunur.

“Times of India” nəşrinin hesablamasına görə, film təkcə öz ölkəsində 64 milyon Hindistan rupisi gəlir əldə edib. Sovet prokatından isə təxminən 60 milyon rubl gəlir götürdüyü bildirilir. Həmin dövrün valyuta çevirməsi ilə filmin dünya üzrə ümumi gəlirinin 1 milyard 68 milyon Hindistan rupisi olduğu yazılır.

Sovet İttifaqında filmin nümayişi ətrafında yaranan izdiham haqqında da maraqlı məlumatlar var. “The Indian Express” nəşrinin yazdığına görə, Tacikistanda filmə baxmaq istəyənlərin yaratdığı izdiham faciə ilə nəticələnib və 1 nəfər həyatını itirib.

Hətta 1986-cı ildə SSRİ rəhbəri Mixail Qorbaçovun Hindistana səfəri zamanı maraqlı bir hadisənin yaşandığı söylənilir. Baş nazir Raciv Qandi ona Bollivudun məşhur aktyoru Amitabh Baççanı təqdim edəndə Qorbaçovun qızının yalnız Mitxun Çakrobortini tanıdığını söylədiyi barədə məşhur bir əhvalat dolaşır.

Azərbaycanda da Cimi olmaq istəyənlər az deyildi

“Disko rəqqası”nın Azərbaycan tamaşaçılarının yaddaşındakı yeri isə ayrıca söhbətin mövzusudur.

Sovet dövründə Hindistan filmləri ölkəmizdə böyük maraqla qarşılanırdı. “Avara”, “Zita və Gita”, “Disko rəqqası” kimi ekran əsərləri müxtəlif nəsillərin kino zövqünün formalaşmasında mühüm rol oynayıb.

Xüsusilə 1980-ci illərdə Mitxun Çakrobortinin üslubu gənclər üçün bir növ nümunəyə çevrilmişdi. Parıltılı köynəklər, dar şalvarlar, qeyri-adi saç düzümü və səhnədəki sərbəst hərəkətlər Cimi obrazını təqlid etmək istəyənlərin əsas atributları idi.

Mitxun Çakroborti - Kasıb məhəllədən dünya şöhrətinə...

Cimini canlandıran aktyorun həyatı da ən azı onun oynadığı obraz qədər maraqlıdır.

Mitxun Çakroborti 1950-ci il iyunun 16-da Hindistanın Kəlküttə şəhərində, Benqal ailəsində dünyaya gəlib.

O, sadə, orta təbəqədən olan ailədə böyüyüb. Atası dövlət telefon stansiyasında nəzarətçi işləyib, anası isə ev təsərrüfatı ilə məşğul olub.

Mitxun uşaqlıq illərini çətin maddi şəraitdə keçirsə də, ailəsində sevgi və mehribanlığın əskik olmadığını söyləyib.

Aktyor sonralar müsahibələrində uşaqlığını xatırlayarkən Şimali Kəlküttənin dar küçələrində dostları ilə futbol oynadığı günlərin yaddaşında xüsusi yer tutduğunu bildirib.

Siyasətə marağı və ailəsini sarsıdan faciə

Mitxun Çakrobortinin həyatında çoxlarının bilmədiyi başqa bir məqam da var.

1960-cı illərin sonlarında Benqaliyada siyasi gərginliyin artdığı dövrdə o, radikal solçuların hərəkatına qoşulub.

Lakin qardaşının bədbəxt hadisə nəticəsində ölməsi onun həyatına ciddi təsir göstərib. Bu faciədən sonra Mitxun radikal siyasi mühitdən uzaqlaşaraq ailəsinin yanına qayıdıb.

Sonradan Mitxunun təhsili almaq üçün Puna şəhərinə yollanması onun həyatında yeni səhifə açıb.

Kimyaçı olmaq istəyirdi, aktyor oldu

Mitxun Çakroborti təhsilini Kəlküttənin nüfuzlu Şotland Kilsə Kollecində alıb və kimya ixtisası üzrə bakalavr dərəcəsi qazanıb.

Daha sonra Hindistanın Kino və Televiziya İnstitutuna daxil olaraq aktyorluq sənətini öyrənib.

Maraqlıdır ki, aktyor sənətinə gəlişi də əvvəlcədən planlaşdırılmış karyera seçimi olmayıb. Özünün bildirdiyinə görə, o, Bombeyə iş axtarmaq üçün gedib. İlk vaxtlar maddi çətinliklər yaşayıb, tanıdığı insanlardan iş istəyib, lakin kömək ala bilməyib. Ona ilk dəstəyi isə yad insanlar göstəriblər.

Sonra təsadüfən bir filmə çəkilmək imkanı əldə edib və həyatının istiqaməti dəyişib.

1976-cı ildə rejissor Mrinal Senin “Mrigayaa” filmi ilə kino debütü edən Mitxun elə ilk roluna görə Hindistanın Milli Film Mükafatına layiq görülüb. Bu, aktyor üçün qeyri-adi başlanğıc idi.

O, həmçinin gənclik illərində yunan-Roma güləşi ilə məşğul olub, Kəlküttədəki yerli yarışlarda qalib gəlib. Sonralar həmin fiziki hazırlıq döyüş səhnələrində də köməyinə çatıb.

İki evlilik, dörd övlad – aktyorun ailə həyatı

Mitxun Çakrobortinin şəxsi həyatı da zaman-zaman mətbuatın diqqət mərkəzində olub.

O, 1979-cu ildə aktrisa Helena Lukla evlənib. Lakin bu nikah uzun çəkməyib. Cütlük təxminən dörd aydan sonra ayrılıb.

Həmin il Mitxun Çakroborti tanınmış hind aktrisası və müğənnisi Yoqita Bali ilə ailə qurub. Bu evlilik uzunömürlü olub və onların ailəsi bu günə qədər davam edir.

Cütlüyün üç oğlu var: Mahaakşay, Uşmey və Namaşir.

Bundan başqa, ailə Dişani adlı qızı da övladlığa götürüb. Aktyor onu balaca ikən küçədəki zibil qutusunda tapıb. Daha sonra xanımı ilə məsləhətləşərək körpə qızı övladlığa götürməyə qərar veriblər.

Dişani sonradan aktyorluq təhsili alıb və ABŞ-da kino sahəsində fəaliyyət göstərməyə başlayıb.

350-dən çox film, siyasi fəaliyyət və böyük mükafatlar

“Disko rəqqası”ndan sonra Mitxun Çakroborti Hindistan kinosunun ən məhsuldar aktyorlarından birinə çevrilib.

Aktyor onlarla ekran əsərində yaddaqalan obrazlar yaradıb.

Müxtəlif mənbələrin məlumatına görə, onun filmoqrafiyasında 400-ə yaxın ekran əsəri var. Aktyor hind, benqal, odia, teluqu və digər dillərdə çəkilən filmlərdə rol alıb.

Amma aktyor 2024-cü ildə verdiyi müsahibədə məhz “Disko rəqqası”nın onu əbədi yaşadacaq film olduğunu bildirib.

Mitxun Çakroborti televiziya layihələrində də iştirak edib. Müxtəlif illərdə rəqs və istedad yarışmalarının münsiflər heyətində yer alıb.

Onun ictimai fəaliyyəti də diqqətəlayiqdir. 2014-cü ildə Trinamool Konqresinin namizədi kimi Hindistan parlamentinin yuxarı palatası olan Racya Sabhaya üzv seçilib. 2016-cı ildə isə mandatından istefa verib.

2021-ci ildə Bharatiya Janata Partiyasına qoşulub və sonrakı illərdə partiyanın Benqaliyadakı tanınmış simalarından birinə çevrilib.

2024-cü ildə Hindistanın üçüncü ən yüksək mülki təltifi sayılan “Padma Bhushan” ordeni ilə mükafatlandırılıb. Həmin il kino sənayesinə uzunmüddətli töhfələrinə görə “Dadasaheb Falke” mükafatına da layiq görülüb. Bu mükafat Hindistan kinematoqrafiyasına verilən ən yüksək fəxri təltif hesab olunur.

76 yaşında yenə gündəmdədir

Hazırda Mitxun Çakrobortinin 76 yaşı var. Lakin o, kino və ictimai həyatdan tamamilə çəkilməyib.

Onun haqqında son dövrün ən diqqətçəkən xəbərlərindən biri 2026-cı il oktyabrın 7-də yayılıb. Belə ki, Mitxun Çakroborti Qərbi Benqaliya ştatının hökumətində İnformasiya və Mədəniyyət İşləri Departamenti üzrə müşavir vəzifəsinə təyin edilib. Bu qərar ştatın baş naziri Suvendu Adhikarin rəhbərlik etdiyi kabinet tərəfindən qəbul olunub. Təyinatın əsas məqsədlərindən biri Benqaliyada kino və mədəniyyət sahəsinin inkişafına töhfə verməkdir.

Aktyorun kino fəaliyyətini davam etdirməsi də diqqət çəkir. O, bacardığı müddətdə işləməyə davam edəcəyini söyləyib.

A.Qorxmaz

Bu xəbər ilə bağlı

Məşhur filmin unudulmaz qəhrəmanı: Kişilərin “Robinzon”a qısqandığı AKTRİSA - FOTO