Antalya, 13 noyabr, AZƏRTAC Noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində Türkiyə pavilyonunda “Dayanıqlı şəhərlər, iqlim dayanıqlılığı və müasir şəhərsalma təcrübələri” mövzusunda panel müzakirəsi təşkil olunub.AZƏRTAC xəbər verir ki, “SP Architects” şirkətinin təsisçi tərəfdaşı Ayten Paşayiğitin moderatorluğu ilə keçirilən müzakirələrdə Türkiyənin Mənzil İnşaatı İdarəsinin (TOKİ) sədr müavini Murat Aydın, BMT-nin Məskunlaşma Proqramının baş məsləhətçisi Mehmet Akdoğan və Qarabağ Dirçəliş Fondunun Fandreyzinq və kommunikasiya şöbəsinin müdiri Pərvin Bağırova iştirak ediblər.Paneldə çıxış edən Pərvin Bağırova Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa və quruculuq işləri, dayanıqlı məskunlaşma, müasir şəhərsalma yanaşmaları və Fondun bu istiqamətlərdə fəaliyyəti barədə geniş məlumat verib.O, Prezident İlham Əliyevin Fərmanı ilə təsis olunan Fondun əsas məqsədinin dövlətin bərpa və yenidənqurma siyasətinə dəstək vermək, bu prosesə vətəndaş cəmiyyətini, özəl sektoru və beynəlxalq tərəfdaşları cəlb etmək olduğunu bildirib.İqlim dəyişmələrinin şəhərlərin dayanıqlılığına təsirindən, müasir şəhərsalma yanaşmalarından, eləcə də Türkiyə və Azərbaycanın bərpa təcrübələrinin əhəmiyyətindən danışan şöbə müdiri deyib ki, iqlim dəyişiklikləri artıq quraqlıqlar, daşqınlar, anomal istilik dalğaları və onların yaratdığı bərpa xərcləri ilə müşayiət olunan reallıqdır. Şəhərlərin iqlim və təbii fəlakət risklərinə davamlılığı ilkin planlaşdırma mərhələsindən təmin edilməlidir.2023-cü ildə Türkiyədə baş vermiş zəlzələyə toxunan P.Bağırova bu faciənin Azərbaycan xalqı üçün də böyük ağrı olduğunu vurğulayıb. Azərbaycan xilasedicilərinin ilk saatlardan türk qardaşları ilə çiyin-çiyinə çalışdığını qeyd edib. Türkiyənin, xüsusilə Kahramanmaraşın, TOKİ-nin və Şəhərsalma Transformasiyası İdarəsinin bərpa təcrübəsinin şəhərsalma baxımından mühüm əhəmiyyət daşıdığı bildirilib.Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa işlərindən bəhs edən Pərvin Bağırova otuzillik işğal dövründə Ağdam, Füzuli və Cəbrayıl kimi şəhərlərin və infrastrukturun dağıdıldığını, bununla belə, həmin ərazilərin müasir şəhərsalma və dayanıqlılıq prinsipləri əsasında yenidən qurulması üçün imkan yarandığını diqqətə çatdırıb.Bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur “yaşıl enerji” zonası elan edilib, bərpa işləri “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları əsasında həyata keçirilir. İlk “ağıllı” kənd olan Ağalıda artıq sakinlər yaşayırlar. 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi və may ayında Bakıda WUF13-ün keçirilməsi də bu sahəyə verilən əhəmiyyətin göstəricisidir.Diqqətə çatdırılıb ki, hazırda 47 yaşayış məntəqəsinə 40 mindən çox keçmiş məcburi köçkün qayıdıb, regionda bütövlükdə 96 minə yaxın insan yaşayır, işləyir və təhsil alır. 2020-ci ildən etibarən bərpa işlərinə dövlət büdcəsindən 25 milyard manatdan çox vəsait yönəldilib.Çıxışda mina təhlükəsizliyinin dayanıqlı inkişaf üçün əhəmiyyəti də vurğulanıb. Qeyd olunub ki, 2020-ci ildən indiyədək 300 min hektardan çox ərazi minalardan təmizlənib, mina partlayışları nəticəsində isə 400-dən çox insan həlak olub və ya yaralanıb. Minaların torpaqların, bitki örtüyünün və su mənbələrinin uzun illər istifadədən kənarda qalmasına səbəb olduğu bildirilib, minatəmizləmənin Azərbaycanın iqlim gündəliyinin ayrılmaz hissəsi olduğu qeyd edilib.Bu kontekstdə noyabrın 11-də Azərbaycan pavilyonunda Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilmiş “Deadly Legacy” (“Ölümcül miras”) sənədli filminin nümayişi keçirilib. Rejissor Alison Jayne Wilson tərəfindən Azərbaycan, Bosniya və Herseqovina, Kolumbiya və Laosda lentə alınan film mina probleminin müxtəlif ölkələr üçün yaratdığı ortaq çağırışları əks etdirir.Fondun mina təhlükəsizliyi sahəsindəki təşəbbüslərindən danışan şöbə müdiri QHT-lər üçün qrant müsabiqələrinin keçirildiyini, ANAMA-ya minaaxtaran itlərin hədiyyə edildiyini və “Deadly Legacy” kimi beynəlxalq layihələrin maliyyələşdirildiyini bildirib. Yeni qrant müsabiqəsinin isə azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmanın və icma həyatının dəstəklənməsinə yönəldiyi diqqətə çatdırılıb.Çıxışda Qarabağ və Şərqi Zəngəzurda dayanıqlı məskunlaşmanın təmin olunmasında iqtisadi inkişaf və məşğulluğun əhəmiyyəti də vurğulanıb. Fondun sahibkarlığın dəstəklənməsi, kiçik və orta biznes üçün maliyyə alətlərinin təşviqi və regionun beynəlxalq investorlara təqdim edilməsi istiqamətində fəaliyyətə başladığı bildirilib.Paneldə Türkiyənin zəlzələdənsonrakı bərpa təcrübəsi ilə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə şəhərsalma təcrübəsinin qarşılıqlı öyrənilməsi məsələsi də gündəmə gətirilib. Fondun ekspert görüşləri, birgə tədqiqatlar və bu sahədə təhsil alan tələbələr üçün layihələr çərçivəsində əməkdaşlığa açıq olduğu vurğulanıb. Sonda P.Bağırova Kahramanmaraşın və Ağdamın fərqli faciələr yaşamasına baxmayaraq, hər iki təcrübənin ortaq bir həqiqəti ortaya qoyduğunu vurğulayıb: dayanıqlı şəhər yalnız möhkəm infrastruktur və binalardan ibarət deyil, həm də insanların qayıda, yaşaya və işləyə biləcəyi, gələcəyinə inamla baxa biləcəyi məkandır.Panel iştirakçılarına Qarabağ Dirçəliş Fondunun sifarişi ilə tanınmış britaniyalı yazıçı Qrem Vilson tərəfindən qələmə alınmış “Qarabağın Dirçəlişi: Azərbaycan İntibahının Hekayəsi” kitabını hədiyyə edilib. Bildirilib ki, bu kitab Qarabağla bağlı həqiqətlərin, o cümlədən işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən irimiqyaslı bərpa və quruculuq işlərinin beynəlxalq auditoriyaya çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir. Günel Karatepe AZƏRTAC-ın xüsusi müxbiri Antalya