Qulamhüseyn Əlibəyli: “Bu, müharibə cinayətlərinin ifşası deməkdir”
Məlum olduğu kimi, Qarabağ Dirçəlş Fondunun (QDF) təşəbbüsü ilə Trükiyə keçirilən COP31 çərçivəsində Ermənistanın mina terroru ifşa edilib, beynəlxalq ictimaiyyətin diqqəti növbəti dəfə bu problemə cəlb edilib.
Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Qulamhüseyn Əlibəyli, Ermənistanın mina terrorunun COP31-də ifşasının mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:
“QDF-nin təşəbbüsü ilə Ermənistanın mina terrorunun COP31 çərçivəsində ifşası olduqca mühüm hadisədir. Bu, bütün bəşəriyyət üçün aktuallıq kəsb edən problemi növbəti dəfə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq, bu problemə qarşı birgə mübarizənin zəruriliyi fikrini aktuallaşdırmaqdır.
Məlum olduğu kimi, Ermənistan minalanmış əraziləri xəritəsini hələ də Azərbaycana verməyib. Bu, işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesini daha da çətinləşdirir. Ermənistanın mina terroru nəticəsində bugünə qədər onlarla azərbaycanlı həlak olub, yüzlərlə vətəndaşımız yaralanıb. Onların içərisində qadınlar və uşaqlar da var.
İşğaldan azad edilən ərazilərin mina və digər hərbi sursatlardan təmizlənməsi prosesi bu gün də davam edir və dövlətimizdən böyük maliyyə vəsaiti, vaxt və enerji tələb edir. Halbuki, Ermənistanın bu məsələdə verəcəyi informasiya dəstəyi mina terroruna qarşı daha effektiv və sürətli mübarizəni təmin edə bilər.
Hesab edirəm ki, Ermənistanın mina terroru bundan sonra da beynəlxalq miqyasda ifşa edilməli, bu terrorun ağır nəticələri daim dünya ictimaiyyətinin diqqətinə çatdırılmaldır. Mən QDF-nin bu təşəbbüsünü dəstəkləyir və bunu həm milli, həm də bəşəri maraqlar baxımından olduqca faydalı hesab edirəm”.