Bakı, 13 noyabr, AZƏRTAC Milli Müdafiə Universiteti Hərbi İdarəetmə İnstitutunun Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik kursunun iştirakçılarının Azərbaycan Texniki Universitetinə (AzTU) infoturu təşkil olunub. Universitetdən AZƏRTAC-a bildirilib ki, infoturun məqsədi qarşılıqlı təcrübə mübadiləsi, elm və təhsil müəssisələri ilə hərbi idarəetmə strukturları arasında əlaqələrin möhkəmləndirilməsidir. Rektor Vilayət Vəliyev iştirakçılara AzTU-nun son illərdə əldə etdiyi nailiyyətlər, elmi potensialı, müasir tədris proqramları, yaradılmış infrastruktur və strateji inkişaf prioritetləri barədə məlumat verib. O, müxtəlif sahələr üzrə mühəndislik istiqamətlərinin genişləndirilməsi, o cümlədən müdafiə sənayesi sahəsində həyata keçirilən layihələr və yüksəkixtisaslı kadr potensialının formalaşdırılması istiqamətində dövlət dəstəyini diqqətə çatdırıb. Eyni zamanda, elmi-tədqiqat imkanlarının genişləndirilməsi və beynəlxalq təcrübənin qabaqcıl nümunələrinin tətbiqi üzrə görülən işlərdən danışıb. Görüşdə iştirakçılara AzTU-da elmi-tədqiqat fəaliyyətinin təşkili, tədris prosesinin təkmilləşdirilməsi, innovativ yanaşmaların tətbiqi və universitet-sənaye əməkdaşlığının inkişafı istiqamətində görülən işlər barədə də məlumat verilib. Həmçinin informasiya texnologiyaları, süni intellekt və müdafiə sənayesinin inkişafında elmin, modelləşdirmə həllərinin və innovasiyaların rolu, ali təhsil müəssisələri ilə hərbi strukturlar arasında əməkdaşlıq imkanları, elmi biliklərin sənayedə praktiki tətbiqi məsələləri müzakirə olunub. İnfotur çərçivəsində qonaqlar AzTU-nun müasir laboratoriyaları, AZCON Mühəndislik və Texnologiya Məktəbi (AZSET), Kitabxana-İnformasiya Mərkəzi və tədris infrastrukturu ilə tanış olublar. Onlara universitetdə tətbiq edilən innovativ tədris metodları, elmi-tədqiqat işləri, eləcə də sənaye və müdafiə sektoru üçün hazırlanan texnoloji həllər barədə ətraflı məlumat verilib.
Hərbi İdarəetmə İnstitutunun kurs iştirakçıları AzTU-da infoturda olublar
Mənbə: azertag.az/xeber/herbi_idareetme_institutunun_kurs_istirakchilari_aztu_da_infoturda_olublar-4508922