Bakı, 13 noyabr, AZƏRTAC Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə 2026-2027-ci tədris ili üzrə Keyfiyyət Fəaliyyət Planının icrasına dair görüşlər başa çatıb. İdarədən AZƏRTAC-a bildirilib ki, Suraxanı və Xətai rayonları üzrə ümumi təhsil müəssisələrinin direktorlarının iştirakı ilə keçirilən yekun görüşdə Keyfiyyətə nəzarət sektorunun müdiri Zinyət Əmirova paytaxtın ümumi təhsil müəssisələrində tədris mühitinin daha da yaxşılaşdırılması və təhsilin keyfiyyətinin artırılmasının əsas məqsəd olduğunu vurğulayıb. O, keçirilən silsilə görüşlərin birgə fəaliyyəti daha da gücləndirəcəyini, strateji hədəflərə çatmağa kömək edəcəyini bildirib. Keyfiyyət Fəaliyyət Planının icrası zamanı hər bir təhsil müəssisəsinin müəyyən edilmiş meyarlara uyğun, sistemli və nəticəyönümlü fəaliyyət göstərməsinin xüsusi əhəmiyyət daşıdığını qeyd edən sektor müdiri aparılan müzakirələrin və təhlillərin tədris ilinin sonunda yüksək nailiyyətlərin əldə olunmasına mühüm təkan verəcəyinə əminliyini ifadə edib. Görüşün sonunda məktəb rəhbərlərini maraqlandıran suallar cavablandırılıb və 2026-2027-ci tədris ili üzrə qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyələr verilib. Sonda iştirakçılarla fəaliyyət planının səmərəli icrası istiqamətində fikir mübadiləsi aparılaraq yekun qərarlar diqqətə çatdırılıb.