Dublində İlham Əliyevlə görüşən dövlət və hökumət başçıları – Adlar

Avropa Siyasi Birliyinin Dublində keçirilən 9-cu Zirvə toplantısı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev bir sıra dövlət və hökumət başçıları ilə görüşlər keçirib.

Müzakirələrdə enerji təhlükəsizliyi, nəqliyyat bağlantıları, iqtisadi-ticari əməkdaşlıq və regional sülh gündəliyi əsas yer tutub. Görüşlər zamanı ikitərəfli münasibətlərin genişləndirilməsi ilə yanaşı, Azərbaycanın Avropanın enerji təminatında və regional kommunikasiyaların inkişafında oynadığı strateji rol da diqqət mərkəzində olub.

Ukrayna Prezidenti Volodimir Zelenski

Görüşdə Prezident Volodimir Zelenski Azərbaycanın Zəfər Günü və Konstitusiya Günü münasibətilə dövlətimizin başçısını təbrik edib. Müzakirələr çərçivəsində iqtisadi-ticari əlaqələrin, xüsusilə özəl sektorlar arasında əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Ukrayna Prezidenti Azərbaycanın ölkəsinə göstərdiyi humanitar yardıma, xüsusilə elektrik avadanlıqlarının təchizatına görə təşəkkürünü bildirib. Söhbət zamanı Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri də diqqət mərkəzində olub. Ukrayna tərəfi Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi yenidənqurma təcrübəsini maraqla izlədiyini və bu təcrübənin ölkəsi üçün də əhəmiyyət daşıdığını vurğulayıb.

Moldova Prezidenti Maya Sandu

Görüşdə Azərbaycan-Moldova münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, əvvəlki yüksək səviyyəli görüşlər və qarşılıqlı səfərlər məmnunluqla xatırlanıb.

Moldova Prezidenti enerji sahəsində Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını bildirib və ölkəsinin enerji təhlükəsizliyinə göstərilən dəstəyə görə təşəkkür edib. Tərəflər enerji tərəfdaşlığı ilə yanaşı, iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı imkanlarını da nəzərdən keçiriblər.

Bolqarıstan Respublikasının Baş naziri Rumen Radev

Prezident İlham Əliyev bir neçə gün əvvəl Bolqarıstanda baş vermiş ağır yol-nəqliyyat hadisəsi nəticəsində insanların həlak olması ilə əlaqədar Baş nazir Rumen Radevə bir daha başsağlığı verib. Bolqarıstanın hökumət başçısı göstərilən diqqətə və həmrəyliyə görə minnətdarlığını ifadə edib.

Görüşdə Azərbaycan-Bolqarıstan münasibətlərinin strateji tərəfdaşlıq xarakteri daşıdığı və siyasi əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb. Əsas müzakirə istiqamətlərindən biri enerji əməkdaşlığı olub. Tərəflər mövcud tərəfdaşlığın daha da möhkəmləndirilməsi, elektrik enerjisi dəhlizinin yaradılması və ölkələr arasında nəqliyyat-kommunikasiya bağlantılarının inkişafı perspektivlərini müzakirə ediblər.

Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan

Görüşdə 2025-ci il avqustun 8-də Vaşinqtonda əldə olunmuş razılaşmalar və imzalanmış Birgə Bəyannamə əsasında Azərbaycan-Ermənistan sülh gündəliyinin irəlilədilməsi müzakirə edilib. Görüşdə iki ölkə arasında sülhün daha da möhkəmləndirilməsinə yönəlmiş praktiki addımlara, o cümlədən nəqliyyat və tranzit əlaqələrinin inkişafına, iqtisadi-ticari münasibətlərə, sərhədlərin delimitasiyasına və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinə dair müzakirələr aparılıb.

Liderlər bu kontekstdə Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutunun (TRIPP) inkişafı istiqamətində əldə olunmuş irəliləyişləri, o cümlədən onun dəmir yolu və avtomobil yolu komponentlərinin planlaşdırılması və layihələndirilməsini, həmçinin TRIPP marşrutu boyunca tranzit əlaqələrinin perspektivlərini müzakirə ediblər.

Yüklərin Azərbaycan ərazisindən keçməklə Ermənistana və Ermənistandan tranziti müsbət hal kimi qeyd olunub. Ötən ilin noyabr ayından etibarən Azərbaycan ərazisindən Ermənistana ümumilikdə 105 min ton yük daşınıb.

Tərəflər, həmçinin Azərbaycan ilə Ermənistan arasında iqtisadi və ticari əlaqələrin daha da inkişaf etdirilməsi imkanları, o cümlədən gələcəkdə elektrik şəbəkələrinin birləşdirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Liderlər ətraf mühit və transsərhəd su əməkdaşlığının əhəmiyyətini vurğulayıb, transsərhəd çayların idarə olunması üzrə işçi qrupların yaradılmasını alqışlayıblar.

Liderlər sülh prosesində müsbət dinamikanın qorunub saxlanılmasının, regionda sülhün, sabitliyin və rifahın möhkəmləndirilməsinə yönəlmiş dialoqun davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.

Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis

Azərbaycan-Yunanıstan münasibətlərinin müzakirə olunduğu görüşdə ölkəmizin Avropanın, o cümlədən Yunanıstanın enerji təhlükəsizliyinin təmin edilməsindəki rolu xüsusi vurğulanıb. Bu kontekstdə Trans-Adriatik Boru Kəmərinin (TAP) əhəmiyyəti qeyd edilib.

Prezident İlham Əliyev Azərbaycanın Avropaya, xüsusilə təbii qaz ixracını artırmaq üçün əlavə imkanlara malik olduğunu bildirib. Bununla yanaşı, mövcud potensialın reallaşdırılması üçün Avropa İttifaqının maliyyələşdirmə və prosedur mexanizmlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyinə diqqət çəkilib.

Çexiyanın Baş naziri Andrey Babiş

Baş nazir Andrey Babiş bu ilin aprelində Azərbaycana rəsmi səfərini və Qəbələdə Prezident İlham Əliyevlə keçirdiyi görüşü xatırladaraq, həmin səfər zamanı əldə olunmuş razılaşmaların icrasında müsbət nəticələrin olduğunu bildirib.

Dublin görüşündə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi və iki ölkənin işgüzar dairələri arasında əlaqələrin gücləndirilməsi müzakirə olunub. Bu məqsədlə biznes nümayəndələrinin qarşılıqlı səfərlərinin təşkili məsələsinə toxunulub.

Enerji əməkdaşlığı da əsas müzakirə mövzularından biri olub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyindəki roluna diqqət çəkilərək, ölkəmizin Çexiyanın ən iri neft təchizatçısı olduğu xüsusi qeyd edilib.

Rumıniya Prezidenti Nikuşor Dan

Görüşdə Azərbaycan-Rumıniya münasibətlərinin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyi və əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş imkanların olduğu vurğulanıb. Rumıniya Prezidenti Azərbaycan Prezidentini ölkəsinə səfərə dəvət edib.

Tərəflər strateji tərəfdaşlığın dərinləşdirilməsi, enerji və nəqliyyat layihələrinin irəlilədilməsi, eləcə də ortaq siyasi və iqtisadi gündəliyin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Azərbaycanın Rumıniyanın və bütövlükdə Avropanın enerji təhlükəsizliyində mühüm tərəfdaş olduğu bildirilib. Xüsusilə Xəzər və Qara dəniz hövzələrini birləşdirən əməkdaşlığın inkişafı üçün mövcud potensial diqqətə çatdırılıb.

Bununla yanaşı, nəqliyyat bağlantıları, şəhərlərarası əməkdaşlıq, elm və təhsil sahəsində əlaqələrin genişləndirilməsi, müdafiə sənayesi istiqamətində tərəfdaşlıq imkanları nəzərdən keçirilib. Son dövrlərdə müxtəlif səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin münasibətlərin inkişafına töhfəsi vurğulanıb.

Rumıniya Prezidenti Buxarestdəki Heydər Əliyev parkının Azərbaycan-Rumıniya əlaqələrinin humanitar və mədəni ölçüsünü əks etdirdiyini bildirib. Parkda aparılan təmir işlərinin uğurla davam etdiyi də qeyd olunub.

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta

Görüşdə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafı, enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları əsas müzakirə mövzuları olub. Antonio Koşta ölkəmizlə əməkdaşlığın genişlənməsindən məmnunluğunu ifadə edib və Prezident İlham Əliyevi ikitərəfli dialoqu davam etdirmək üçün Avropa İttifaqına səfərə dəvət edib.

Prezident İlham Əliyev Azərbaycanın Avropanın enerji təchizatında etibarlı tərəfdaş olduğunu vurğulayaraq, hazırda ölkəmizin Avropa İttifaqının 10 üzv dövlətinə təbii qaz ixrac etdiyini bildirib. Bu əməkdaşlığın davamlılığı və genişləndirilməsi üçün uzunmüddətli enerji müqavilələrinin, eləcə də müvafiq maliyyə mexanizmlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyi qeyd olunub.

Bərpaolunan enerji sahəsində əməkdaşlığa da xüsusi diqqət yetirilib. Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstan arasında yaşıl enerjinin Avropa bazarına ixracı ilə bağlı əldə olunmuş razılaşmanın əhəmiyyəti vurğulanıb.

Nəqliyyat sahəsində isə Naxçıvan dəmir yolu layihəsi üzrə Avropa İttifaqı tərəfindən aparılan qiymətləndirmənin tezliklə yekunlaşdırılacağı bildirilib. Orta Dəhlizin əhəmiyyəti, regional nəqliyyat bağlantılarının və tranzit imkanlarının inkişafı da müzakirə edilib.

Litva Prezidenti Gitanas Nauseda

Prezident İlham Əliyevin Litva Prezidenti ilə görüşündə ikitərəfli münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib. Siyasi əlaqələrin yaxşı səviyyədə olduğu qeyd edilməklə yanaşı, iqtisadi-ticari və enerji sahələrində tərəfdaşlığın inkişafı üçün daha böyük imkanların mövcudluğu vurğulanıb.

Dövlət başçıları, həmçinin regional sülh gündəliyi, Azərbaycan-Litva münasibətlərinin gələcək istiqamətləri və Azərbaycan-Avropa İttifaqı əlaqələrinin genişləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Britaniyanın Baş naziri Endi Borhem

Görüşün mühüm nəticəsi Azərbaycan ilə Böyük Britaniya arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamənin mübadiləsi olub. Sənədin qəbulunun iki ölkə arasındakı münasibətlərin rəsmi şəkildə keyfiyyətcə yeni mərhələyə yüksəldilməsinə xidmət etdiyi vurğulanıb. Bununla yanaşı, tərəflər Bəyannamədən əvvəl də əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını qeyd ediblər.

Prezident İlham Əliyev Böyük Britaniya ilə enerji sahəsində 30 ildən artıq davam edən uğurlu əməkdaşlığa toxunaraq, bu ölkənin Azərbaycanda Avropanın ən böyük investoru olduğunu bildirib. Ənənəvi enerji tərəfdaşlığı ilə yanaşı, bərpaolunan enerji, yüksək texnologiyalar və süni intellekt sahələrində də əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların olduğu diqqətə çatdırılıb.

Görüşdə son aylarda Britaniyadan Azərbaycana həyata keçirilən yüksəksəviyyəli rəsmi səfərlərin və aparılan danışıqların əhəmiyyəti vurğulanıb. Tərəflər, həmçinin beynəlxalq gündəlikdə duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar.