Bolqarıstanda müşahidə olunan güclü külək Vratsa şəhərində ciddi fəsadlara səbəb olub. Şəhərdə ağacların aşması, nəqliyyatın hərəkətində yaranan problemlər və digər dağıntılar səbəbindən fövqəladə vəziyyət elan edilib.
Vratsa Bələdiyyəsinin yaydığı açıqlamada küləyin sürətinin saatda 110 kilometri keçdiyi bildirilib.
Qeyd olunub ki, güclü külək nəticəsində ağaclar aşıb, budaqlar qırılıb, metal dam örtükləri yerindən qopub. Bələdiyyə təhlükəli hava şəraiti davam etdiyi müddətdə sakinləri zərurət olmadıqca evlərini tərk etməməyə çağırıb.
Paytaxt Sofiyada küləyin sürəti saatda 90-95 kilometrə çatıb. Nəticədə çoxsaylı ağaclar aşıb və nəqliyyatın hərəkətində çətinliklər yaranıb. Sofiya Bələdiyyəsinin məlumatına görə, aşan ağaclarla bağlı 120, dağılan hasar panelləri ilə bağlı 15, zədələnmiş svetoforlarla bağlı isə 3 müraciət qeydə alınıb.
Bolqarıstan Milli Meteorologiya və Hidrologiya İnstitutu Vratsa bölgəsində qırmızı təhlükə xəbərdarlığı elan edib.