Nə işdisə, Özbəkistan yığmasının baş məşqçisi Fabio Kannavaronun Umarali Raxmonaliyevlə ulduzu barışmır ki barışmır. İtaliyalı mütəxəssis “Sabah”ın özbək yarımmüdafiəçisini son anda dünya çempionatına qatılan heyətdən çıxardı, indi isə yoldaşlıq oyununda belə güvənmir.
Özbəkistan yığması dünən Daşkənddə illərdi dünya futbol ailəsindən təcrid olunan Rusiya ilə qarşılaşıb. Özbək qardaşlarımız 70-ci dəqiqəyə qədər 2:0 öndə olub. 66-cı dəqiqədə meydana çıxan Nikolay Komliçenko 70 və 75-ci dəqiqələrdə iki qol vurmaqla hesabı bərabərləşdirib. Aleksey Mirançuk isə 79-cu dəqiqədə oyunda son nöqtəni qoyub. Mələməmiş quzu kəsdiyim Kannavaro da iş-işdən keçəndən sonra, yəni 90-cı dəqiqədə Umarali Raxmonaliyevi meydana buraxıb. Bəlkə də yanılıram, amma mənə elə gəlir ki, Özbəkistan yığmasının indiki heyətində Umaralidən başqa Çempionlar Liqasının liqa mərhələsində müntəzəm oynayan digər futbolçu Abdukodir Xusanovdu ki, o da ruslarla oyunun iştirakçıları arasında yox idi. Elə isə Kannavaro Raxmonaliyevdən nə istəyir? “Sabah”ın ulduzu don Fabionun istefaya göndərilməsini arzulasa, yaxşıdı.