"Meclis.info” saytının həbsdə olan rəhbəri İmran Əliyevə 10, digər ictimai fəal Elgiz Qəhrəmana isə 9 il həbs cəzası kəsilib. Noyabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində onlar haqqında belə hökm çıxarılıb. İstintaq və məhkəmə prosesi getdiyi dövrdə azadlıqda olan E.Qəhrəman hökm oxunandan dərhal sonra məhkəmə zalında həbs edilib.
Hakim Roman Ələkbərlinin sədrliyilə çıxarılan hökmə əsasən, onlarla birlikdə mühakimə olunan Tamilla Musayevaya isə 8 il şərti cəza verilib.
Onlar cinayət yoluyla əldə olunmuş vəsaitin leqallaşdırılması, qaçaqmalçılıq və s. əməllərdə təqsirli bilinib.
Hökmdən öncə son sözünü deyən İmran Əliyev də, Elgiz Qəhrəman da bu ittihamların əsassız olduğunu vurğulayıb və bəraət istəyiblər.
E.Qəhrəman deyib ki, 10 il öncə də onu ictimai fəaliyyətinə görə narkotik ittihamıyla şərləyib həbs eləmişdilər. Bir neçə ay öncə Avropa Məhkəməsi həmin iş üzrə qərarını açıqlayaraq, hüquqlarının pozulduğunu təsdiqlədi.
“Bu işdə sübutlardan biri kimi, İmran Əliyevlə bizim aramızda 63 dəfə telefon danışığı olması göstərilib. Bunun özü absurd sübutdur. Mən riyaziyyat və məntiq müəllimi olmuşam, data analitika ilə məşğulam. İmranla aramızda telefon danışıqlarının olması, görüşməyimiz normaldır. Bunu sübut hesab edib, məni cinayətdə ittiham eləmək absurddur”, - E.Qəhrəman belə deyib.
O vurğulayıb ki, şər-böhtanla məhkəmə qarşısına çıxarıldığını hakimlər özləri də yaxşı bilir.
İ.Əliyev son sözündə deyib ki, 2023-cü ildə parlamentin fəaliyyətini monitorinq etmək məqsədilə “meclis.info” saytını yaratmaq qərarı verib. Bundan sonra təzyiqlərlə üzləşib.
Qaçaqmalçılıq ittihamını rədd edən İ.Əliyevin sözlərinə görə, bununla bağlı heç bir fakt ortaya qoyulmadan onları ittiham edirlər.
Mühasib kimi fəaliyyət göstərmiş T.Musayeva son sözündə bildirib ki, vəkilinin müdafiə çıxışıyla razıdır.
Hakimlər Dövlət Vergi Xidmətinin təqsirləndirilən şəxslərə qarşı 67 min manatlıq mülki iddiasını da təmin ediblər.