Ermənistanda rusiyalı siyasi texnoloq yoxa çıxdı

Rusiyalı siyasi texnoloq, sahibkar Daniil Zapyatoy Ermənistanda itkin düşüb.

Bu barədə SHOT Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, artıq 4 həftədir ki, onun axtarışlarına başlanılıb.

37 yaşlı kişi sentyabrın sonunda İrəvana gəlib. Əvvəlcə yaxınları və dostları ilə əlaqə saxlasa da, sonradan ondan hər hansı informasiya almaq mümkün olmayıb.

Belə ki, o sonuncu mesajını oktyabrın 9-da dostlarına göndərib. Əvvəlcə tanışları onu özləri axtarmağa başlayıb, indi isə polis də onun axtarışına qoşulub.

Kanalın verdiyi məlumata görə, Zapyatoy bir müddət idi ki, maddi çətinliklər yaşayırdı və bu səbəbdən hostelə yerləşməyə məcbur olub. Obyektin administratoru onun son zamanlar olduqca pis görkəmdə olduğunu, lakin nəzakətli davrandığını vurğulayıb.

Ailəsi hazırda onun itkin düşməsi barədə məlumatı polis şöbələrinə çatdırmaq üçün sənədlər hazırlayır.