Bəzi qida və içkilər yuxuya getməyi çətinləşdirə, gecə ərzində tez-tez oyanmağa səbəb ola bilər.
Sfera.az bildirir ki, “Gazeta.Ru”nun məlumatına görə, nevroloq və somnoloq Nikolay İlyin xüsusilə yatmazdan əvvəl ağır və yağlı yeməklər qəbul etməyin yuxuya mənfi təsir göstərə biləcəyini bildirib.
Həkimin sözlərinə görə, belə qidalar gec həzm olunur. Nəticədə insanda mədədə ağırlıq, qıcqırma və turşu reflüksü yarana bilər. Fastfud, şirin qazlı içkilər, müxtəlif qəlyanaltılar, sənaye üsulu ilə hazırlanan şirniyyatlar və emal edilmiş ət məhsulları da yuxunun keyfiyyətini poza bilər.
Bəzi insanlarda paxlalılar və kələmin müəyyən növləri köp yaradır. Acılı və turş qidalar isə mədə yanmasını gücləndirərək rahat yatmağa mane ola bilər.
Mütəxəssis yuxuya mənfi təsir göstərən içkilər sırasında kofe və alkoqolu da qeyd edib. Onun sözlərinə görə, alkoqol ilkin mərhələdə yuxululuq yaratsa da, yuxunun REM mərhələsinin müddətini azalda bilər. Təsiri zəiflədikdən sonra isə gecə yuxusu daha tez-tez bölünür.
Nikolay İlyin kofeinin də yuxunun ümumi müddətini azalda biləcəyini vurğulayıb. Buna görə həkim sonuncu fincan kofenin yatmazdan ən azı 9 saat əvvəl içilməsini tövsiyə edib.
Nevroloq bildirib ki, yatmazdan əvvəl yeməkdən tamamilə imtina etmək vacib deyil. İnsan aclıq hiss edirsə, az miqdarda yoqurt və ya kəsmik yeyə bilər.