“Ankara ilə Bakı arasında Ermənistan məsələsində koordinasiyanın davam etdirilməsi vacibdir. Lakin bu koordinasiya İrəvanı siyasi və iqtisadi təcrid vəziyyətində saxlamaq məqsədi daşımamalıdır...”
“Əsas məsələ Ermənistanın KTMT-dən çıxması deyil, bu qərarın həqiqətən sülhə və mehriban qonşuluğa xidmət edib-etməyəcəyidir...”
Ermənistanın Rusiyanın dominant olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) faktiki uzaqlaşması və təşkilatdan hüquqi çıxış ehtimalının yenidən gündəmə gəlməsi Cənubi Qafqazda geosiyasi vəziyyətin dəyişməsi baxımından diqqətçəkən hadisədir. Son günlər həm İrəvandan, həm Moskvadan, həm də KTMT rəhbərliyindən səslənən açıqlamalar göstərir ki, Ermənistanla bu hərbi-siyasi blok arasında münasibətlər əvvəlki vəziyyətinə qayıtmaq perspektivindən getdikcə uzaqlaşır.
Maraqlıdır ki, yaranmış vəziyyətdə Rusiya Ermənistanın təşkilatdan çıxmasına mane olmaqdan daha çox, onun üzvlük hüquqlarını xatırlatmaq və məsuliyyəti İrəvanın üzərinə qoymaq taktikasına üstünlük verir. Bu isə Azərbaycanın və Türkiyənin qarşısında yeni siyasi imkanlarla yanaşı, müəyyən təhlükəsizlik çağırışları da yaradır.
Beləliklə, əsas sual Ermənistanın KTMT-dən çıxıb-çıxmayacağından daha çox, bu hadisənin baş verəcəyi təqdirdə Bakı və Ankaranın hansı siyasi mövqedən çıxış etməli olmasıdır.
Matviyenko Ermənistanı nə ilə hədələyir?..
Noyabrın 12-də Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Ermənistanın KTMT-dən çıxması ehtimalına münasibət bildirərkən deyib ki, İrəvan belə bir qərar verəcəyi təqdirdə çox şey itirəcək.
Ermənistanın “ArmTimes” nəşrinin “TASS”-a istinadla yaydığı məlumata görə, Matviyenko Vyetnama səfərinin yekunları ilə bağlı jurnalistlərlə söhbətində bildirib:
“Gələcəkdə Ermənistanın KTMT-də üzvlüyünü qoruyub-saxlamamaq öz hüququdur. Hesab edirəm ki, əks təqdirdə Ermənistan çox şey itirəcək”.
Bu açıqlama Moskvanın İrəvanın təşkilatdan mümkün çıxışına münasibətini ifadə etməklə yanaşı, Ermənistanın təhlükəsizlik sahəsində Rusiyadan asılılığını qorumaq istəyinin də göstəricisi kimi qiymətləndirilə bilər.
İrəvan artıq geri qayıtmaq istəmir...
Xatırladaq ki, Ermənistan 2024-cü ilin fevralından KTMT-nin fəaliyyətində iştirakını faktiki dondurub. Nikol Paşinyan hökuməti bu qərarı təşkilatın Ermənistanın təhlükəsizlik maraqlarını təmin etməməsi ilə əsaslandırıb.
Son günlərdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da ölkəsinin KTMT-yə qayıtmaq niyyətində olmadığını açıq şəkildə bəyan edib. O, oktyabrın 28-də bildirib ki, İrəvan təşkilatdakı fəaliyyətini çoxdan dayandırıb və mövqeyini dəyişmək fikrində deyil.
Noyabrın 5-də isə Paşinyan Ermənistan hakimiyyətinin KTMT-yə marağının tükəndiyini bildirib. Baş nazir hətta ölkəsinin təşkilatdan çıxarılması qərarını müsbət qarşılayacağını ifadə edib.
Digər tərəfdən, Rusiyanın xarici işlər naziri Sergey Lavrov noyabrın 10-da Ermənistanın nə KTMT-dən, nə də Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxmaq üçün rəsmi müraciət göndərmədiyini açıqlayıb. O, Moskvanın Ermənistanı təşkilatdan çıxarmaq niyyətində olmadığını da vurğulayıb.
Noyabrın 11-də Moskvada keçirilən KTMT sammitində isə Ermənistanın təşkilatdakı səsvermə hüququ və kvota üzrə vəzifələrə namizəd irəli sürmək imkanları üzvlük haqlarını ödəməməsi səbəbindən dayandırılıb. Lakin bu qərar Ermənistanın təşkilatdan çıxarılması demək deyil. KTMT-nin baş katibi Talatbek Masadıkov noyabrın 12-də bildirib ki, Ermənistanın təşkilatdan çıxarılması məsələsi ümumiyyətlə müzakirə olunmayıb.
Bütün bunlar göstərir ki, Ermənistan hazırda qəribə vəziyyətdədir: təşkilatın fəaliyyətində iştirak etmir, üzvlük haqlarını ödəmir, lakin hüquqi baxımdan hələ də KTMT üzvüdür.
Ermənistanın KTMT-dən çıxması Azərbaycanın maraqlarına uyğundurmu?..
Əvvəla, Ermənistanın KTMT-dən çıxmasını Azərbaycanın avtomatik geo-siyasi qələbəsi kimi təqdim etmək doğru olmaz. Çünki bir ölkənin müəyyən hərbi-siyasi blokdan uzaqlaşması onun təhlükəsizlik siyasətinin mütləq şəkildə sülhpərvər istiqamətdə dəyişməsi demək deyil.
Ermənistanın Rusiya ilə hərbi-siyasi münasibətlərini zəiflətməsi onun Fransa, Hindistan və digər dövlətlərlə müdafiə sahəsində əməkdaşlığını genişləndirməsi ilə paralel gedir. Yəni İrəvan sadəcə bir təhlükəsizlik mərkəzindən uzaqlaşaraq boşluqda qalmaq istəmir, alternativ tərəfdaşlar axtarır.
Digər tərəfdən, KTMT-dən çıxış Ermənistanın Rusiya ilə bütün hərbi və iqtisadi əlaqələrinin dərhal kəsilməsi demək olmayacaq. Gümrüdəki 102-ci Rusiya hərbi bazası, iqtisadi münasibətlər və digər institusional əlaqələr məsələsi ayrıca qalacaq.
Deməli, Azərbaycan üçün əsas məsələ Ermənistanın hansı hərbi-siyasi təşkilata üzv olub-olmaması deyil, onun gələcək təhlükəsizlik doktrinasının Azərbaycana qarşı yönəlib-yönəlməməsi, silahlanma siyasəti və regional sülhə münasibətidir.
Bakı İrəvanın KTMT-dən çıxmasını revanşist qüvvələrin güclənməsi, yaxud yeni xarici hərbi himayədarların regiona gətirilməsi üçün fürsətə çevirməsinə yol verməməlidir. Eyni zamanda, Ermənistanın müstəqil xarici siyasət yürütmək hüququna hörmətlə yanaşmaq və bu müstəqilliyin qonşuların suverenliyinə qarşı istifadə edilməməsini tələb etmək lazımdır.
Türkiyə və Azərbaycan Ermənistanla münasibətlərdə nə etməlidir?..
Hesab edirik ki, Ermənistanın KTMT-dən çıxması baş verərsə, Azərbaycan və Türkiyə bu prosesi İrəvana qarşı əlavə təzyiq vasitəsi kimi deyil, Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq sisteminin formalaşdırılması üçün fürsət kimi qiymətləndirməlidir.
Ankara ilə Bakı arasında Ermənistan məsələsində koordinasiyanın davam etdirilməsi vacibdir. Lakin bu koordinasiya İrəvanı siyasi və iqtisadi təcrid vəziyyətində saxlamaq məqsədi daşımamalıdır. Əksinə, Ermənistanın regionda sülhün və əməkdaşlığın real iştirakçısına çevrilməsi üçün konkret mexanizmlər yaradılmalıdır.
Türkiyənin Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atdığı addımlar bu baxımdan əhəmiyyətlidir. Noyabrın 11-də Antalyada Nikol Paşinyanla Rəcəb Tayyib Ərdoğan arasında keçirilən görüşdə də ikitərəfli münasibətlərin normallaşdırılması, ticarət-iqtisadi əlaqələrin inkişafı və regional kommunikasiyaların açılması müzakirə olunub.
Azərbaycan isə Ermənistanla yekun sülh müqaviləsinin imzalanması, konstitusiya məsələsinin həlli, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiyaların açılması kimi məsələlərdə prinsipial mövqeyini qoruyaraq dialoqu davam etdirməlidir.
Əgər Ermənistan KTMT-dən çıxmaqla həqiqətən də xarici siyasətində daha müstəqil xətt yürütmək istəyirsə, bu müstəqilliyin ilk ciddi sınağı Azərbaycanla münasibətlərdə özünü göstərməlidir. İrəvan sübut etməlidir ki, artıq hansısa xarici gücün geo-siyasi maraqlarına uyğun olaraq deyil, öz dövlət maraqlarını və regionun gələcəyini nəzərə alaraq qərarlar qəbul edir...
İrəvanın bu gedişi Azərbaycanla sülh sazişinin imzalanması perspektivinə necə təsir göstərə bilər?..
Ermənistanın KTMT-dən çıxması Azərbaycanla sülh sazişinin imzalanması perspektivinə həm müsbət, həm də dolayı təsir göstərə bilər. Bir tərəfdən, bu addım İrəvanın Moskvanın hərbi-siyasi təsirindən müəyyən qədər uzaqlaşmasına və xarici siyasətdə daha müstəqil qərarlar qəbul etməsinə şərait yarada bilər. Digər tərəfdən, Rusiyanın təsir imkanlarının azalması avtomatik olaraq Ermənistanın Azərbaycanla münasibətlərdə konstruktiv mövqe tutacağı demək deyil. Hətta İrəvanın Qərb və digər dövlətlərlə hərbi əməkdaşlığını genişləndirməsi regionda yeni geosiyasi rəqabət yarada bilər. Buna görə də Bakı Ermənistanın hansı hərbi-siyasi blokda təmsil olunmasından daha çox, onun real siyasətinə, konstitusiya dəyişiklikləri ilə bağlı öhdəliklərinə, ərazi iddialarından imtinasına və sərhədlərin delimitasiyası prosesinə münasibətinə diqqət yetirməlidir. Əsas məsələ Ermənistanın KTMT-dən çıxması deyil, bu qərarın həqiqətən sülhə və mehriban qonşuluğa xidmət edib-etməyəcəyidir...
Moskvanın regiondakı mövqeyi zəifləyəcəkmi?..
Ermənistanın KTMT-dən çıxması Rusiyanın Cənubi Qafqazdakı hərbi-siyasi təsir imkanlarını zəiflədə bilər. Ancaq bunu Moskvanın regiondan tamamilə sıxışdırılması kimi qiymətləndirmək də düzgün olmaz. Rusiya Ermənistanla iqtisadi, enerji, nəqliyyat və hərbi sahələrdə mövcud əlaqələrini qorumağa çalışacaq. Üstəlik, İrəvanın Qərb dövlətləri ilə yaxınlaşması Moskva ilə münasibətlərdə əlavə gərginlik yarada bilər.
Bu baxımdan, Azərbaycan və Türkiyə regionda yaranan yeni geo-siyasi vəziyyətdən istifadə edərək öz aralarında koordinasiyanı gücləndirməli, eyni zamanda Cənubi Qafqazı böyük dövlətlərin qarşıdurma meydanına çevirməməyə çalışmalıdırlar.
Ən mühüm məsələ odur ki, Ermənistanın KTMT-dən çıxması yeni silahlanma yarışına və regional qarşıdurmaya deyil, Azərbaycan-Ermənistan sülh prosesinin sürətlənməsinə xidmət etsin.
Nəticə etibarilə, Ermənistanın KTMT-dən çıxması nə Azərbaycan üçün avtomatik təhlükəsizlik təminatı, nə də Türkiyə üçün qeyd-şərtsiz siyasi üstünlükdür. Bu, ilk növbədə, İrəvanın xarici siyasət seçimidir. Bakı və Ankara isə həmin seçimin nəticələrini öz milli maraqları çərçivəsində qiymətləndirməli, Ermənistanın hərbi-siyasi blokdan uzaqlaşmasını regional sülhə yaxınlaşması üçün imkan kimi dəyərləndirməlidirlər. Ermənistanın Rusiyadan uzaqlaşması onun Azərbaycana və Türkiyəyə yaxınlaşması demək deyil. Bunun üçün İrəvanın konkret siyasi addımları, sülh müqaviləsi və mehriban qonşuluq münasibətlərinə sadiqliyi əsas meyar olmalıdır...