Son statistik göstəricilər Azərbaycan vətəndaşlarının xarici ölkələrə səfərləri zamanı xərclədiyi vəsaitin həcmində nəzərəçarpacaq azalma olduğunu ortaya qoyub. Belə ki, 2026-cı ilin yanvar-sentyabr ayları ərzində xarici səfərlər üçün 1,5 milyard manatdan çox vəsait xərclənib. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 faiz azalma deməkdir.
Mövcud statistika ictimaiyyət və turizm bazarı iştirakçıları arasında maraqlı suallar doğurub. Xərclərin azalması xaricə gedən turistlərin sayının aşağı düşməsi ilə bağlıdır, yoxsa vətəndaşlar artıq daha qənaətcil səyahət modellərinə üstünlük verirlər? Qlobal qiymət artımları fonunda turistlərin davranışındakı bu dəyişiklik turizm sektorunda yeni tendensiyaların formalaşdığından xəbər verir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən turizm eksperti, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının Turistlərə Maarifləndirmə və Dəstək Komitəsinin rəhbəri Rəhman Quliyev bildirib ki, Azərbaycan vətəndaşlarının xarici səfərlər zamanı çəkdiyi xərclərin 5,8 faiz azalmasını turizm bazarında baş verən bir neçə amillə əlaqələndirmək olar:
"İlk növbədə qeyd etmək lazımdır ki, bu göstərici heç də avtomatik olaraq xaricə səyahət edən vətəndaşların sayının eyni nisbətdə azalması demək deyil. Burada həm səfərlərin sayında, həm də turistlərin xərcləmə davranışında müəyyən dəyişikliklər ola bilər”.
Onun sözlərinə görə, son dövrlərdə turistlərin səyahət büdcəsinə daha həssas yanaşması, əvvəlki illərlə müqayisədə daha qənaətcil seçimlər etməsi müşahidə olunur. Xüsusilə hotellərdə yerləşmə xərcləri, gündəlik qidalanma və digər xidmətlərin bahalaşması turistləri büdcələrini daha diqqətlə planlaşdırmağa vadar edir:
“Digər tərəfdən, bəzi turistlər uzunmüddətli səfərlər əvəzinə 3-5 günlük qısamüddətli istirahətə üstünlük verirlər. Bu da bir səfər çərçivəsində çəkilən ümumi xərclərin azalmasına təsir göstərə bilər. Eyni zamanda, vətəndaşların daha münasib qiymətli istiqamətlərə, erkən rezervasiya imkanlarına və aşağıbüdcəli aviaşirkətlərin xidmətlərinə marağı artır”.
Ekspert qeyd edib ki, burada qonşu ölkələrə quru sərhədləri və ya daha münasib uçuş imkanları vasitəsilə səyahət edənlərin seçimləri də müəyyən rol oynaya bilər:
“Hesab edirəm ki, bu tendensiyanı qiymətləndirərkən yalnız xərclərin ümumi həcminə deyil, xaricə gedən vətəndaşların sayına, səfərlərin orta müddətinə və bir turistin orta xərcləmə göstəricisinə də diqqət yetirmək lazımdır. Çünki turizm bazarında xərclərin azalması bəzən tələbin zəifləməsindən deyil, istehlakçı davranışının dəyişməsindən qaynaqlanır”.
“Ümumilikdə, bu göstərici Azərbaycan vətəndaşlarının xarici turizmə marağının tamamilə azalması kimi deyil, daha çox səyahət büdcəsinin optimallaşdırılması və daha rasional seçimlərə yönəlməsi kontekstində təhlil edilməlidir",- deyə Rəhman Quliyev əlavə edib.