Gələn ildən ƏDV ödəyicisi olmayan mağazalarda nağdsız alış-veriş edən vətəndaşlara 0,9 faiz keşbek qaytarılması təklif olunur. Yeni təşəbbüsün nağdsız ödənişlərin təşviqinə, ticarət dövriyyəsinin şəffaflaşdırılmasına və istehlakçıların kartla ödənişə marağının artırılmasına xidmət edəcəyi gözlənilir.
Bəs bu dəyişiklik vətəndaşların xərclərinə və alış-veriş vərdişlərinə necə təsir edəcək?
Məsələ ilə bağlı News24.az-a danışan iqtisadçı Əkrəm Həsənov bildirib ki, ƏDV ödəyicisi olmayan ticarət obyektlərində nağdsız alış-verişə görə keşbek tətbiq edilməsi ilk növbədə vətəndaşların kartla ödənişə marağını artırmağa hesablanıb.
"Hazırda alıcılar ƏDV ödəyicisi olmayan mağazalarda alış-veriş edərkən nağdsız ödənişə ciddi maraq göstərmirlər. Çünki bu cür ticarət obyektlərində ƏDV geri qaytarılması mexanizmi tətbiq edilmir. Nəticədə vətəndaşlar üçün nağd və kartla ödəniş arasında ciddi fərq yaranmır və bir çox hallarda nağd ödənişə üstünlük verilir. Bu vəziyyət bəzi sahibkarların vergidən yayınmasına da şərait yaradır. Belə ki, müştəri nağd ödəniş etdikdə bəzi ticarət obyektlərində satışın kassa aparatından keçirilməməsi və çekin təqdim olunmaması halları baş verir. Bu isə real dövriyyənin gizlədilməsinə və dövlət büdcəsinə ödənilməli vergilərin azalmasına səbəb olur".
İqtisadçı qeyd edib ki, vətəndaşlara 0,9 faiz keşbek qaytarılması məhz bu baxımdan müəyyən stimullaşdırıcı rol oynaya bilər:
"Belə ki, alıcı əldə etdiyi kiçik məbləğdə də olsa geri ödənişi nəzərə alaraq nağd deyil, kartla ödənişə üstünlük verə bilər. Bu da ticarət obyektlərində nağdsız əməliyyatların sayının və həcminin artmasına gətirib çıxara bilər. Təklifin əsas məqsədlərindən biri yalnız əhalinin alış-veriş zamanı əlavə vəsait əldə etməsi deyil. Burada daha mühüm məqamlardan biri sahibkarların satış əməliyyatlarını rəsmiləşdirməsinə, kassa çeklərinin verilməsinə və vergidən yayınma hallarının qarşısının alınmasına nail olmaqdır".