Lənkərandakı kütləvi zəhərlənmə ilə bağlı AQTA-dan açıqlama

Lənkəranda qeydə alınan zəhərlənmə faktı Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nəzarətə götürülüb, dərhal araşdırmalara başlanılıb.

Bu barədə AQTA məlumat yayıb.

“İlkin araşdırma zamanı rayonun Osaküçə kənd sakini olan ailə üzvlərinin evdə hazırladıqları plov və konservləşdirilmiş pomidor istehlakından sonra özlərini narahat hiss etdikləri məlum olub. Agentliyin əməkdaşları tərəfindən müvafiq tədbirlər icra edilməkdədir.

AQTA bir daha vətəndaşlara müraciət edərək məişət şəraitində hazırlanan qidaların saxlanma şəraitinə, temperatur rejiminə, eləcə də gigiyena və düzgün daşınma qaydalarına ciddi riayət olunmasının vacibliyini bildirir” – deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, Lənkəran rayonunun Osaküçə kəndində bir ailənin 9 üzvü, o cümlədən 3 uşaq qida zəhərlənməsi şübhəsi ilə xəstəxanaya müraciət edib.

Onlara xəstəxanada zəruri tibbi yardım göstərilib. Günorta saatlarında isə ailənin bütün üzvləri öz istəkləri ilə xəstəxanadan evə buraxılıblar.