Üç komitənin birgə iclasında gələn ilin dövlət büdcəsi müzakirə olunub - FOTO

Noyabrın 12-də Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İclası açan Milli Məclisin sədr müavini Rafael Hüseynov tədbirin ölkəmiz üçün əlamətdar günlər ərəfəsində keçirilməsinə diqqət çəkib. O, müzakirə olunan dövlət büdcəsini də Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu yüksəliş və inkişaf yolunun cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bəhrələrindən biri kimi dəyərləndirib. Vurğulanıb ki, gələn ilin dövlət büdcəsi Azərbaycanın tarixi nailiyyətlərinin möhkəmləndirilməsi, inkişafının davamlılığının təmin edilməsi və gələcək hədəflərinin reallaşdırılması üçün etibarlı maliyyə zəmini yaradır.

Rafael Hüseynov mədəniyyət, idman, gənclər siyasəti, ictimai birliklər, dini qurumlar və digər əlaqədar sahələr üzrə növbəti ilin dövlət büdcəsində müvafiq maliyyə təminatının nəzərdə tutulduğunu və bu sahələrin daim dövlətin diqqət mərkəzində olduğunu bildirib. Vitse-spiker büdcə göstəricilərinin artım dinamikasına toxunaraq, gələn ilin maliyyə sənədinin ölkənin strateji vəzifə və prioritetlərini, təhlükəsizlik məsələlərini əhatə etdiyini, dövrün çağırışlarına, ölkənin gələcək inkişafına, dövlətin, xalqın mənafeyinə cavab verdiyini vurğulayıb.

Sonra maliyyə nazirinin müavini Himalay Məmişov “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsini təqdim edib. O, bildirib ki, büdcə layihəsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasına uyğun hazırlanıb. Büdcə siyasətinin əsas istiqamətlərini isə dayanıqlı iqtisadi artımın dəstəklənməsi, makroiqtisadi sabitliyin qorunması, əhalinin rifahının yüksəldilməsi, sosial tədbirlərin maliyyələşdirilməsi, ölkənin təhlükəsizliyinin gücləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi və real sektorun inkişafının sürətləndirilməsi təşkil edir. Qeyd olunub ki, büdcə layihəsi neftdən asılılığın azaldılması, qeyri-neft gəlirlərinin artırılması və ortamüddətli dövrdə fiskal dayanıqlığın gücləndirilməsi istiqamətində müsbət meyilləri əks etdirir.

Növbəti ilin dövlət büdcəsinin xərcləri barədə məlumat verərkən nazir müavini mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət sahələrinin maliyyələşdirilməsi tədbirlərinə ayrıca toxunub. Bildirilib ki, bu məqsədlə 643 milyon manat vəsait proqnozlaşdırılıb. Bu isə 2025-ci ilin icra göstəricisi ilə müqayisədə 116 milyon manat və ya 22 faiz çoxdur. Həmin vəsaitin 239 milyon manatı mədəniyyət və incəsənət sahəsində fəaliyyətin, 68,4 milyon manatı televiziya, radio və nəşriyyat sahələrinin, 49 milyon manatı bədən tərbiyəsi və gənclər siyasəti tədbirlərinin, 22,8 milyon manatı yaradıcı ittifaqların, cəmiyyətlərin və dini tədbirlərin, 264 milyon manatı isə bu sahələrdə digər müəssisə və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək. Azərbaycanın xarici ölkələrdəki mədəniyyət mərkəzlərinin saxlanılması üçün 13,7 milyon manat, ölkədəki mədəniyyət müəssisələrinin saxlanılması üçün 49,7 milyon manat vəsait ayrılıb. Növbəti ildə Azərbaycan həqiqətlərinin, tarixi və mədəni irsinin təbliği və digər tədbirlərə 7,1 milyon manat vəsait, Mədəniyyət Nazirliyinin mərkəzləşdirilmiş mədəniyyət tədbirləri üzrə isə 26,8 milyon manat ayrılıb.

İclasda çıxış edən iqtisadiyyat nazirinin müavini Azər Bayramov vurğulayıb ki, 2027-ci ilin dövlət büdcəsi iki strateji mərhələ arasında keçid dövründə müzakirə olunur. Belə ki, 2022–2026-cı illəri əhatə edən sosial-iqtisadi inkişaf Strategiyasının icra müddəti yekunlaşır, 2027–2030-cu illəri əhatə edən yeni strateji mərhələ başlayır. O bildirib ki, möhtərəm Prezident İlham Əliyevin müəyyən etdiyi strateji kursa uyğun olaraq, qarşıdakı dövrün əsas vəzifəsi əldə olunmuş makroiqtisadi sabitliyi və yaradılmış imkanları daha yüksək əlavə dəyərə, məhsuldar məşğulluğa və artan rifaha çevirməkdir.

Nazir müavini gələn ilin dövlət büdcəsinin əsas iqtisadi göstəriciləri, makroiqtisadi proqnozları, sahibkarlığa dövlət dəstəyi tədbirləri barədə məlumat verib. Vurğulanıb ki, növbəti il və ortamüddətli dövr üçün iqtisadi siyasətin məqsədi ixraca yönəlmiş, özəl investisiyaya söykənən dayanıqlı artımdır.

Sonra iclasda Hesablama Palatası sədrinin müavini Nəsir Sadıqov 2027-ci ilin dövlət büdcəsinə dair Palatanın rəyini təqdim edib. O bildirib ki, layihə qanunvericiliyə uyğun hazırlanıb, Hesablama Palatasının əvvəlki rəylərində göstərilmiş məsələlər büdcə zərfində tam və ya qismən nəzərə alınıb.

O, büdcə sənədlərində məlumatların genişləndirilməsini müsbət qiymətləndirib, gəlir və xərclərin dəqiq müəyyənləşdirilməsi, hesabatlılığın artırılması ilə bağlı palatanın qeydlərini, bəzi məsələlər üzrə isə palatanın təkliflərini diqqətə çatdırıb.

İclasda Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa, mədəniyyət nazirinin müavini Fərid Cəfərov, gənclər və idman nazirinin müavini İndira Hacıyeva, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxış ediblər.

Çıxışlarda gənclər siyasətinin inkişafına, gənclər evlərinin fəaliyyətinin genişləndirilməsinə və Gənclər Fonduna ayrılan vəsaitin bu sahəyə mühüm töhfə verəcəyi vurğulanıb. Gənclərin təşəbbüslərinin dəstəklənməsinin, eləcə də sosial, mədəni və ictimai sahələrdə davamlılığın təmin edilməsinin vacibliyi qeyd olunub.

Bununla yanaşı, vətəndaş cəmiyyəti institutlarının, siyasi partiyaların və regionlarda fəaliyyət göstərən ictimai birliklərin dəstəklənməsinin əhəmiyyətinə diqqət çəkilib, bu istiqamətlərə ayrılan vəsaitin ictimai fəallığın və təşəbbüslərin artırılmasına xidmət etdiyi qeyd edilib.

Bildirilib ki, “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ölkənin mədəni inkişafı üzrə əsas hədəfləri müəyyən edir. İşğaldan azad edilmiş ərazilərdə mədəniyyət müəssisələrinin bərpası, yeni mədəniyyət ocaqlarının inşası və bölgələrin mədəni həyatının canlandırılması istiqamətində işlərin davam etdirildiyi diqqətə çatdırılıb.

Müzakirələrdə Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva, İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, deputatlar Ceyhun Məmmədov, Tənzilə Rüstəmxanlı, Əlibala Məhərrəmzadə, Azər Allahverənov çıxış edərək məsələ ilə bağlı fikirlərini bildiriblər, bəzi qeydlərini və suallarını səsləndiriblər.

Maliyyə nazirinin müavini Himalay Məmişov və Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov çıxışlarda qaldırılan məsələlərə aydınlıq gətiriblər.

Sonda “Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.

İclasda Milli Məclisin Mədəniyyət komitəsinin sədri Polad Bülbüloğlu, Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva, deputatlar Müşfiq Cəfərov, Səbinə Xasayeva, Mircəlil Qasımlı, Göydəniz Qəhrəmanov, Ülvi Quliyev, Eyvaz Qurbanov, Anar Məmmədov, Mahir Süleymanlı, Günay Ağamalı, Azay Quliyev, Elşad Musayev, Cavanşir Paşazadə, Anatoliy Rafailov, Səbinə Salmanova, Ülviyyə Ağayeva, Novruzəli Aslanov, Ülviyyə Həmzəyeva, Şahin Seyidzadə, Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva və digər rəsmi şəxslər iştirak ediblər.