Bakı, 12 noyabr, AZƏRTAC Azərbaycançılıq ideologiyasının mahiyyətini etnik kimlik, dini dəyərlər və ümumbəşəri prinsiplərin qarşılıqlı əlaqəsi təşkil edir. Bu üç komponentin vəhdəti Azərbaycan xalqının milli kimliyinin formalaşmasında, milli özünüdərkin güclənməsində və dövlətçilik düşüncəsinin inkişafında mühüm rol oynayıb.AZƏRTAC xəbər verir ki, bunu Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov “Azərbaycançılıq ideyası: media fəaliyyəti və yeni dövrün çağırışları” mövzusunda keçirilən dəyirmi masada deyib.N.Cəfərov qeyd edib ki, azərbaycançılıq ideyası müxtəlif tarixi mərhələlərdə fərqli məzmun və xüsusiyyətlər qazanaraq milli ruhun yüksəlişinə xidmət edib. Müstəqillik dövründə bu ideologiyanın dövlət ideologiyası səviyyəsinə yüksəlməsinin əsas mənbələrindən biri Azərbaycan Xalq Cümhuriyyəti dövründə formalaşan milli ideoloji irs olub: "Həmin dövrün ideyaları ilə sonrakı mərhələdə meydana çıxan yanaşmalar arasında müəyyən fərqlər olsa da, hər iki mərhələ Azərbaycan xalqının milli kimliyinin və dövlətçilik düşüncəsinin inkişafına töhfə verib". Akademik vurğulayıb ki, Heydər Əliyev dövründə azərbaycançılıq ideologiyasının inkişafı bu prosesin mühüm mərhələsini təşkil edib. "Bu ideologiya yalnız tarixi irsin öyrənilməsi ilə məhdudlaşmır, eyni zamanda, Azərbaycanı dünyaya tanıdan, xalqın düşüncəsini, mədəniyyətini və dilini beynəlxalq miqyasda təqdim edən mühüm ideoloji platforma kimi çıxış edir", - deyə o qeyd edib. Fotoqraf - Orxan Kərimov