Parlament gələn həftə 42,4 milyardlıq büdcəni üç gün müzakirə edəcək

Milli Məclisdə 2027-ci ilin dövlət büdcəsi layihəsi üzrə plenar müzakirələr noyabrın 16, 17 və 18-də keçiriləcək.

Komitə müzakirələrindən sonra büdcə layihəsinə üç gün ardıcıl keçiriləcək plenar iclaslarda baxılacaq.

Layihəyə əsasən, dövlət büdcəsinin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat olacaq. Beləliklə, gəlir və xərclər arasındakı fərq 3 milyard 146 milyon manat təşkil edəcək. Büdcə xərcləri cari ilin təsdiqlənmiş göstəricisi ilə müqayisədə 696,4 milyon manat və ya 1,7 faiz artırılır.

Sosial xərclərə 18,7 milyard manat

Gələn il sosialyönümlü xərclərə 18,7 milyard manat ayrılması nəzərdə tutulur. Bu, dövlət büdcəsi xərclərinin 44,2 faizidir.

Bu kateqoriyaya əməkhaqları, təqaüd və sosial müavinətlər, ərzaq və dərman təminatı, icbari tibbi sığorta və digər sosial ödənişlər daxildir.

Layihədə təhsilə təxminən 5,1 milyard manat, sosial müdafiə və sosial təminata 4,9 milyard manat, səhiyyəyə isə 2,1 milyard manat ayrılması planlaşdırılır. Səhiyyə xərcləri daxilində İcbari Tibbi Sığorta Fonduna 1,1 milyard manat vəsait nəzərdə tutulub. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslaşdırılması üçün isə dövlət büdcəsindən 1,6 milyard manat ayrılacaq.

Müdafiə və təhlükəsizliyə 8,8 milyard manat

Müdafiə və milli təhlükəsizlik xərcləri 8 milyard 816,4 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bunun 4 milyard manatı xüsusi müdafiə təyinatlı layihə və tədbirlərə yönəldiləcək.

Məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclər isə 3 milyard 438,6 milyon manat təşkil edəcək.

Böyük Qayıdış və infrastruktur əsas prioritetlərdəndir

İşğaldan azad olunmuş ərazilərin bərpası və Böyük Qayıdış proqramının davam etdirilməsi gələn ilin büdcəsinin əsas istiqamətləri sırasında göstərilir. Komitə müzakirələrində müdafiə qabiliyyətinin gücləndirilməsi, regionların inkişafı və sosial öhdəliklərin maliyyələşdirilməsi də prioritetlər kimi təqdim olunub.

İqtisadi fəaliyyət üzrə ümumilikdə 8,9 milyard manat, dövlət əsaslı vəsait qoyuluşuna isə 5,3 milyard manat nəzərdə tutulur. Kənd təsərrüfatı xərcləri təxminən 1,4 milyard manat, ətraf mühitin mühafizəsi xərcləri 438,6 milyon manat olacaq.

Büdcə gəlirlərinin çoxu qeyri-neft sektorundan gələcək

2027-ci ildə dövlət büdcəsi gəlirlərinin 60,6 faizinin qeyri-neft sektorundan, 39,4 faizinin isə neft-qaz sektorundan formalaşacağı gözlənilir.

Dövlət Vergi Xidmətinin xətti ilə 18,4 milyard manat, Dövlət Gömrük Komitəsinin xətti ilə 6,9 milyard manat daxilolma proqnozlaşdırılır. Dövlət Neft Fondundan büdcəyə transfertin həcmi 11,9 milyard manat olacaq.

Dövlət şirkətlərindən 872 milyon manat dividend, büdcə təşkilatlarının ödənişli xidmətlərindən isə 949 milyon manat gəlir gözlənilir.

Hesablama Palatasının təklifləri də gündəmdədir

Büdcə müzakirələrində vəsaitlərin ayrılması ilə yanaşı, onların istifadəsinə nəzarət və hesabatlılıq məsələləri də qaldırılıb.

Hesablama Palatası dövlət sifarişləri mexanizminin təkmilləşdirilməsini və sifarişlərin formalaşdırılması prosesinin elektronlaşdırılmasını təklif edir. Palata bəzi sahələr üzrə xərc normativlərinin yenilənməsini, büdcə sənədlərində məlumatlılıq və hesabatlılığın artırılmasını da vacib sayır.

Plenar müzakirələrdə hökumətin büdcə təqdimatı ilə yanaşı, deputatların təklif və suallarının da səsləndirilməsi gözlənilir.