"Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin stajor pilotu Cumalı Rüfət pilot hazırlığı proqramı çərçivəsində təlim uçuşlarını uğurla başa vurub.
Trend-in Qəbələyə ezam olunmuş müxbiri xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
Pilotun sözlərinə görə, o, 2021-ci ildə Milli Aviasiya Akademiyasını bitirib, 2024-cü ilin dekabr ayından etibarən isə təlim uçuşlarına başlayıb.
R. Cumalı bildirib ki, təlimlərin ilkin mərhələsində tək mühərrikli "Cessna 172" tipli təyyarədə uçuşlar həyata keçirib, daha sonra isə iki mühərrikli "Diamond 42" təlim təyyarəsi ilə hazırlığını davam etdirib.
"Ən sonuncu imtahan uçuşumu da uğurla başa vurdum. Bununla da təlim prosesini tamamladım. Mənə bu imkanı yaratdığına görə, başda AZAL-ın kollektivi olmaqla, hər kəsə təşəkkürümü bildirirəm", – deyə o qeyd edib.