Türkmənistan 2028-2037-ci illərin BMT-nin İqlim Dayanıqlılığı və Adaptasiyası Onilliyi elan edilməsini, həmçinin beynəlxalq əməkdaşlıq üçün yeni platforma kimi Aşqabad İqlim Dialoqunun təsis olunmasını təklif edib.
Ölkə hökumətinin mətbuat xidmətinin verdiyi məlumata görə, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov bu təşəbbüsləri noyabrın 11-də Antalyada BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində keçirilən Liderlər Sammitinin plenar iclasında səsləndirib.
Berdiməhəmmədovun sözlərinə görə, təklif olunan onillik beynəlxalq ictimaiyyətə dövlətlərin iqlim dayanıqlılığının artırılması və ehtiyacı olan ölkə və regionlara resursların bölüşdürülməsi üzrə praktiki tədbirlərə diqqət yetirmək imkanı verəcək.
"Bu təşəbbüs beynəlxalq ictimaiyyətə dövlətlərin iqlim dayanıqlılığının artırılması və ölkə və regionlara resursların bölüşdürülməsi ilə bağlı konkret vəzifələrin həllinə diqqət yetirməyə imkan verəcək", - deyə o bildirib.
Türkmənistan, həmçinin iqlim məsələləri üzrə əməkdaşlıq üçün açıq və inklüziv beynəlxalq platforma kimi Aşqabad İqlim Dialoqunun təsis olunmasını təklif edib. Maraqlı tərəfdaşların iştirakı ilə ilk beynəlxalq görüşün 2027-ci ildə Aşqabadda keçirilməsi nəzərdə tutulur.
Digər təşəbbüs isə BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Meteorologiya Təşkilatı, BMT-nin İnkişaf Proqramı və digər beynəlxalq tərəfdaşlarla birgə İqlim Dəyişikliyi və Onun Mənfi Nəticələrinin Rəqəmsal Atlasının hazırlanmasını nəzərdə tutur.
Berdiməhəmmədovun sözlərinə görə, atlas iqlim dəyişikliyinin davamlı monitorinqi, onun mənfi nəticələrinin qiymətləndirilməsi və səmərəli uyğunlaşma tədbirlərinin müəyyənləşdirilməsi üçün hərtərəfli informasiya-analitik alət olacaq.
Bundan əlavə, Türkmənistan iqlim texnologiyalarının təqdim edilməsi üzrə qlobal tərəfdaşlıq formatının yaradılmasını təklif edib. Təşəbbüs inkişaf etməkdə olan ölkələrin müasir ekoloji cəhətdən təmiz texnologiyalara, innovativ işləmələrə və iqlim maliyyələşməsinə çıxış imkanlarının genişləndirilməsinə yönəlib.
Berdiməhəmmədov, həmçinin ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə BMT-nin himayəsi altında Beynəlxalq Ekoloji Məcəllənin hazırlanması imkanına baxılmasını təklif edib.
Onun sözlərinə görə, belə bir sənəd ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə, biomüxtəlifliyin qorunması və təbii ehtiyatlardan dayanıqlı istifadə sahələrində mövcud beynəlxalq qayda, norma və standartların sistemləşdirilməsinə imkan verəcək.
Xalq Məsləhətinin sədri, həmçinin 2024-2034-cü illər üçün dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrə dair Avaza Fəaliyyət Proqramının əhəmiyyətini vurğulayıb. Proqramın rəsmi icrasına 2025-ci ilin avqustunda Türkmənistanda keçirilən Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə BMT-nin Üçüncü Konfransı çərçivəsində başlanılıb.
Berdiməhəmmədovun sözlərinə görə, dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələr qrupunun sədri kimi Türkmənistan bu proqramın iqlim komponentinin səmərəli həyata keçirilməsini prioritet vəzifə hesab edir. O, həmçinin ölkəsinin iqlim məsələləri üzrə maraqlı dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduğunu təsdiqləyib.