UNEC rektorunun məsləhətçisi vəfat etdi

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) rektorunun tədris-metodiki məsələlər üzrə məsləhətçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent Eldar Həsənxan oğlu Azadov vəfat edib.

Bu barədə UNEC-in Mətbuat xidmətindən bildirilib.

Eldar Azadov həyatını elmə, təhsilə və gənc kadrların yetişdirilməsinə həsr etmişdi.

Eldar Həsənxan oğlu Azadov 15 iyun 1954-cü ildə Zəngilan rayonunda anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Tətbiqi riyaziyyat fakültəsini bitirib.

1976–1983-cü illərdə Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda çalışıb.

1999 – 2014-cü illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında kafedra müdiri və dekan vəzifələrində işləyib.

2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Tədris-metodiki mərkəzin direktoru, Tədrisin Metodiki və Keyfiyyət Təminatı Mərkəzinin direktoru və UNEC rektorunun tədris-metodiki məsələlər üzrə məsləhətçisi kimi fəaliyyət göstərib.

Azərbaycan Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli “Əmək” ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin!