Son ay yarım ərzində Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq, iki qardaş ölkə arasında soyuqluq yaratmaq istiqamətində müəyyən cəhdlər olsa da, bu təşəbbüslər nəticəsiz qaldı. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın son görüşləri və verdikləri mesajlar göstərdi ki, Bakı ilə Ankara arasındakı dostluq, qardaşlıq və müttəfiqlik münasibətləri hər hansı təxribatın təsiri altına düşə bilməz. Əksinə, baş verən proseslər iki ölkənin münasibətlərini daha da möhkəmləndirməsi üçün bir sınaq oldu.
Publika.az mövzu ilə bağlı politoloq Oqtay Qasımovun fikirlərini öyrənib.
Politoloq bildirdi ki, son dövrlərdə Türkiyədəki bəzi dini, siyasi cərəyanları təmsil edən qruplar, eləcə də xarici kəşfiyyat orqanları ilə əlaqəli şəbəkələr Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirməyə çalışıblar. Onun sözlərinə görə, sosial media üzərindən Azərbaycana qarşı iftira kampaniyası aparılması da bu məqsədə xidmət edib.
“Amma düşünürəm ki, həm Azərbaycan, həm də Türkiyə prezidentləri bu məsələdə kifayət qədər təmkin və müdriklik nümayiş etdirdilər”, - deyə Oqtay Qasımov vurğuladı.
Politoloq qeyd etdi ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Şuşaya səfəri, ardınca isə dövlətimizin başçısının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının (COP31) Liderlər Sammitində iştirak etmək üçün Antalyaya getməsi iki ölkə arasındakı münasibətlərin sarsılmaz xarakterini bir daha nümayiş etdirib.
Onun sözlərinə görə, bu görüşlərdə verilən mesajlar, eləcə də liderlər arasındakı səmimi ab-hava Azərbaycan-Türkiyə münasibətlərinə kölgə salmaq istəyənlərin məqsədlərinə çatmadığını göstərir.
“Şuşada hər iki prezident birmənalı şəkildə mövqe nümayiş etdirdi, açıq bəyanatlar verdi. Eyni zamanda, baş verənlər iki ölkə arasındakı münasibətlərə yenidən nəzər salmaq baxımından bir sınaq oldu və hesab edirəm ki, hər iki ölkə bu sınaqdan layiqincə çıxa bildi”, - politoloq bildirdi.
Oqtay Qasımovun fikrincə, Azərbaycan-Türkiyə münasibətləri artıq yeni mərhələyə qədəm qoyur. Bu mərhələdə əlaqələr “Bir millət, iki dövlət” prinsipinə əsaslanmaqla yanaşı, iki suveren, bərabərhüquqlu, dost, qardaş və müttəfiq dövlətin münasibətləri kimi daha da inkişaf edəcək.
Politoloq vurğuladı ki, bundan sonrakı dövrdə münasibətlərdə emosional amillərlə yanaşı, praqmatik və rasional yanaşma da ön plana çıxacaq. Onun sözlərinə görə, iki ölkəni birləşdirən tarixi, mənəvi, mədəni və milli bağlar münasibətlərin emosional tərəfini gücləndirsə də, tərəflər qarşılıqlı strateji maraqları da aydın dərk edirlər.
“Güclü Azərbaycan güclü Türkiyə, güclü Türkiyə isə güclü Azərbaycan deməkdir. Güclü Azərbaycan, güclü Türkiyə həm də güclü Türk dünyası deməkdir”, - deyə politoloq bildirdi.
O, əlavə etdi ki, Azərbaycan və Türkiyə bir çox mühüm məsələlərdə eyni hədəflərə doğru irəliləyir. Xüsusilə Türk dünyasının birliyi və gələcək dünya düzənində qlobal aktor kimi çıxış etməsi istiqamətində iki ölkənin birgə fəaliyyət göstərməsi vacibdir. Politoloq hesab edir ki, tərəflər bundan sonra əməkdaşlığı məhz bu strateji hədəflər əsasında daha da genişləndirəcəklər.
Qasımov Azərbaycan-Türkiyə münasibətlərinin Cənubi Qafqazdakı proseslərə təsirinə də diqqət çəkdi. O bildirdi ki, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olması son altı ildə regionda sülh və sabitliyin bərqərar edilməsində mühüm rol oynayıb. Politoloqun qənaətinə görə, münasibətlərin daha da möhkəmlənməsi Azərbaycan-Ermənistan sülh prosesinə də müsbət təsir göstərəcək.
“Ermənistan aydın şəkildə başa düşür ki, Azərbaycanla münasibətlər normallaşmayınca, sülh müqaviləsi imzalanmayınca Türkiyə ilə münasibətlərin normallaşmasından və sərhədlərin açılmasından söhbət gedə bilməz”, - deyə o qeyd etdi.
Politoloq hesab edir ki, bu reallıq Ermənistanı daha praktik və konstruktiv addımlar atmağa sövq etməlidir. Onun sözlərinə görə, Azərbaycan-Türkiyə müttəfiqliyinin güclənməsi regional proseslər baxımından da əhəmiyyətlidir.
Oqtay Qasımov bundan sonrakı mərhələdə həm ikitərəfli münasibətlərdə, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın yeni səviyyəyə yüksələcəyini gözlədiyini bildirdi. Vurğuladı ki, gələcək dünya düzənində Türk Dövlətləri Təşkilatının qlobal aktorlar sırasında yer alması üçün yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilməli və bu istiqamətdə konkret addımlar atılmalıdır.
“Bütün hallarda münasibətlərimizə xələl gətirmək istəyənlər nəticə etibarilə uğursuzluğa düçar oldular. Biz bu sınaqdan üzüağ və daha da güclənmiş halda çıxdıq”, - deyə politoloq fikrini yekunlaşdırdı.