Brent neftinin qiyməti $91-ə düşüb

Dünya bazarında neft qiymətləri noyabrın 12-də ucuzlaşır. ABŞ və İran arasında gərginliyin azalacağına, eləcə də Rusiya-Ukrayna müharibəsi ilə bağlı danışıqlarda irəliləyiş əldə olunacağına dair gözləntilər qiymətlərə təzyiq göstərir.

Bakı vaxtı ilə saat 08:26-da Brent markalı neftin yanvar fyuçersləri 1,58% ucuzlaşaraq bir barel üçün 91,29 dollara enib. ABŞ-nin WTI markalı nefti isə 1,43% azalaraq 85,29 dollara düşüb. Bir gün əvvəl Brent 1,39% bahalaşaraq 92,76 dollardan bağlanmışdı.

Bloomberg bildirir ki, noyabrın əvvəlindən neftin ucuzlaşmasında Yaxın Şərqdə münaqişənin səngiməsi ehtimalı və regiondan tədarükün bərpası mühüm rol oynayır. Səudiyyə Ərəbistanının neft hasilatı oktyabrda 26% artıb. Bu, bazarda təklifin genişlənməsinə və mümkün profisitlə bağlı gözləntilərin güclənməsinə səbəb olub.

The Wall Street Journal yazır ki, geosiyasi risklərin azalması neftin qiymətindən risk əlavəsini çıxarır. Bununla belə, Hörmüz boğazında gəmiçiliklə bağlı təhlükələr qalır. OCBC analitikləri 2026-cı ilin sonu üçün Brent neftinin qiymət proqnozunu 100 dollar səviyyəsində saxlayıblar.

Qiymətlərə əlavə təzyiq ABŞ-də kommersiya neft ehtiyatlarının artmasından qaynaqlanır. Amerika Neft İnstitutunun (API) məlumatlarına əsasən, ötən həftə ehtiyatlar 9 milyon barel yüksəlib. Bazar iştirakçıları noyabrın 12-də açıqlanacaq ABŞ Enerji İnformasiya Administrasiyasının (EIA) rəsmi statistikasını gözləyirlər.